Beynəlxalq əlaqələr

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə bağlı müəyyən edilən strategiya bu strukturun gələcəkdə yüksək səviyyəli - dolğun nəzəri və normativ biliklərə, peşəkarlıq vərdişlərinə, zəngin dünyagörüşünə, tələb olunan fiziki və taktiki göstəricilərə malik kadrlarla təmin olunma zərurətini yaratmışdır. Məhz bu tədbirlər baxımdan da Polis Akademiyası beynəlxalq sahəsində Avropa və MDB dövlətlərinin təhsil müəssisələri və bir çox beynəlxalq qurumları ilə təcrübə mübadiləsinə və yaxın əməkdaşlığa başlamışdır.

2005-ci ilin sentyabr ayında «Qloballaşma və cinayətkarlıq: kadr hazırlığında ali təhsil müəssisələrinin yeni vəzifələri» mövzusunda Polis Akademiyasında keçirilən «Mərkəzi və Cənub Şərqi Avropa ölkələrinin ali polis (milis) təhsil müəssisələri rəhbərlərinin XIII Beynəlxalq konfrans» Bakı şəhərində Avropanın 14 ölkəsindən 20-yə yaxın ali polis təhsil müəssisələri rəislərinin və digər rəhbər kadrlarının bir araya gəlməsinə səbəb olmuşdur.

Müasir dövrdə aktual məsələlərdən biri hesab olunan gender problemləri, ailə zorakılığı və digər məsələlərin araşdırılması ilə məşğul olan qeyri-hökümət təşkilatları ilə Polis Akademiyasının əməkdaşlığı genişlənmişdir. 2005-2008-ci illərdə təhsil müəssisəmizdə ATƏT-in İnsan hüquqları və demokratik təsisatlar üzrə Varşava Ofisi (ODİHR) tərəfindən Azərbaycan Gender Assosiasiyasının «Simmetriya» təşkilatı ilə birlikdə müxtəlif mövzularda zabit və müdavimlərlə seminar və treninqlər keçirilmişdir.

2007-ci ilin dekabr ayında Ukrayna DİN-in Milli Universitetində MDB ölkələri DİN-in ali təhsil müəssisələri arasında beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququ üzrə «Gələcəyin peşəkarı-2007» adlı beynəlxalq intellektual müsabiqə təhsil müəssisəmizi təmsil edən müdavimlərin (Ruslan Nurməmmədov, Daşqın İmanov və Rafael Tağıyev) bütün turlarda yaxşı nəticələr əldə etməklə yalnız ev sahiblərindən 1 bal fərqilə geri qalaraq fəxri II yerə nail olmaqla uğurlu çıxışları Akademiyada təhsilin və MDB məkanında DİN-in ali təhsil müəssisələri ilə müqaisədə yüksək səviyyədə olduğunun göstəricisidir.

Almaniya Federativ Respublikasının «Hans Zaydel» fondu ilə aparılan təcrübə mübadiləsi sahəsində uğurlu əməkdaşlıq təhsil müəssisəmizin əsas istiqamətlərindən biri hesab olunur. 2006-ci ildən etibarən Avropa məkanında öz mövqeyini möhkəmləndirən təhsil ocağımız Almaniyada polis təhsilinin bu və ya digər aktual məsələlərini müzakirə edən seminar və konfranslarda mütamadi iştirak etməyə başladı. Son illər ərzində 14-ə yaxın əməkdaşımız yuxarıda qeyd olunan təbdirlərin iştirakçısı olub. Eyni zamanda Bavariya polisi ilə təcrübə mübadiləmiz təhsil müəssisəmizin bazasında da uğurla təşkil olunur. 2008-ci ilin yekunu Almaniyanın Federal Daxili İşlər Nazirliyinin Bavariya polis hazırlığının Rəyasət heyətinin büro rəhbərinin və Bavariya Federal Daxili İşlər Nazirliyinin İxtisasartırma İnstitutunun direktorunun Polis Akademiyasına səfərləri ilə yadda qaldı.

Almaniya, Avstriya, İngiltərə, İspaniya, Macarıstan, Polşa, eləcə də Rusiya, Ukrayna və Tacikistan Respublikalarına öz əməkdaşlarını təcrübə mübadiləsinə göndərən təhsil müəssisəmiz mövcud təcrübəni öyrənməklə yanaşı, təhsil müəssisələrinin arasında daha sıx münasibətlərin yaranmasına və nüfuzunun artmasına da nail olmuşdur. Avropa polis təlimində geniş yayılmaqda olan təhsilin interaktiv metodları isə səfərlərdə iştirak edən müəllimlərimiz tərəfindən uğurla mənimsənilmişdir.

Avropa polis təhsilinin forma və üsullarını öyrənmək sahəsində təhsil müəssisəmiz demək olar ki, ilk addımlarını atmışdır. Avropanın inkişaf etmiş ölkələrinin ali polis məktəblərinə müraciətlərimiz Almaniya, Avstriya, Polşa, Estoniya və Latviyadan, eləcə də Avropada polis təhsilinin təkmilləşdirilməsi ilə məşğul olan mötəbər təşkilatlardan (CEPOL və «AEPC») əməkdaşlıq etmək üçün maraqlı təkliflərin alınması ilə nəticələnmişdir.

Avropa qonşuluq siyasəti prinsiplərini rəhbər tutaraq, Avropa Birliyinə üzv olan ölkələrlə intensiv təhsil və mədəni əlaqələrin artırılması məqsədilə Almaniyanın Azərbaycandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzi tərəfindən təşkil olunan bir sıra mədəni tədbirlər tərəfimizdən daima izlənilir.

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında «Beynəlxalq insan hüquqları», «Beynəlxalq humanitar hüquq və hüquq mühafizəsi» kimi mövzularda seminarlar bu sahənin öyrənilməsinə əlverişli şərait yaradır.

XXI əsrin ilk illərindən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuş respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də aparılan islahatlar Polis Akademiyasını «Boloniya təhsil sistemi» reallığı ilə üzləşdirdi. Polis Akademiyasına Avropa ölkələrinin artan marağı, «Boloniya sistemi»nə keçid mərhələsi və Akademiyada bəzi mütərəqqi islahatların həyata keçirilməsi artıq beynəlxalq sahədə əməkdaşlıq və əlaqələrin yeni müstəviyə keçirilməsini və bu fəaliyyətin daha təkmil, sistemli və davamlı aparılması zərurətini yaratmışdır. Elə bu baxımdan təhsil müəssisəmizdə hazırlanan yeni tədris planında MDB-yə üzv dövlətlərin polis (milis) təhsil müəssisələrindən müraciətlərimizə əsasən daxil olan təklif və tövsiyələr öz əksini tapmışlar.

Təhsil ocağımıza artan marağın nəticəsi kimi ATƏT, Avropa Şurası, Beynəlxalq Qırmızı Xaç Komitəsi, səfirliklər və s. təşkilatların nümayəndələrinin Polis Akademiyasına səfər etmələri də fəaliyyətimizin müsbət nəticələri ilə bağlıdır.

Son iki ildə Polis Akademiyasının beynəlxalq aləmə inteqrasiyasının belə artım sürəti, onun maddi-texniki bazasının zənginləşdirilməsi və Avropa standartlarına uyğun tikinti və abadlaşdırmanın aparılması Polis Akademiyasının yaxın gələcəkdə Avropanın nüfuzlu təşkilatlarına üzv olacağı, eləcə də Avropa polis təhsilini tətbiq etmək sahəsində real imkanımızın mövcudluğundan xəbər verir.

Beynəlxalq əməkdaşlıq bölməsi

e-mail:
inter.relat@pa.edu.az
Geriyə | Çap versiyası