xəbərlər

DİN-in Polis Akademiyasında «Dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində daxili işlər orqanlarının rolu» mövzusunda elmi-praktik konfrans keçirilmişdir

07.10.2011

 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti «Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktını qəbul etmiş, 1991-ci il dekabrın 30-da bu akt ümumxalq səsverməsi (referendum) yolu ilə təsdiq edilmişdir. Ölkəmizdə hər il «Dövlət Müstəqilliyi  günü» təntənəli surətdə qeyd edilir.
Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünün qeyd olunması ilə əlaqədar  07.10.2011-ci il tarixdə Polis Akademiyasında «Dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində daxili işlər orqanlarının rolu» mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransa DİN-in Şəxsi Heyətlə İş İdarəsinin Şəxsi Heyətin Mənəvi Psixoloci Hazırlıq şöbəsinin rəisi, polis polkovniki Elxan Mürsəlov dəvət edilmişdir.
Konfransdan əvvəl iştirakçılar tərəfindən bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi yolunda fədakarlıq göstərən ümummilli lider, ulu öndər Heydər Əliyevin  abidəsi önünə tər çiçəklər qoyulmuş, xatirə fotoşəkilləri çəkilmişdir.
Konfransı Polis Akademiyasının rəisi, polis general-mayoru cənab Nazim Əliyev açıq elan edib 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması, 23 ay yaşaması, bolşevik-daşnak qüvvələrinin təsiri nəticəsində süquta uğraması, eləcə də «Müstəqillik günü»nün yaranma tarixi, həmin dövrdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, eləcə də ulu öndər Heydər Əliyevin öz zəngin təcrübəsi hesabına Azərbaycandan möhkəm və dönməz daxili  ictimai-siyasi sabitliyi təmin etməsi barədə məlumat vermişdir.
 «Dövlət və hüquq nəzəriyyəsi» kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ceyhun  Süleymanov, «DİO-nun inzibati fəaliyyəti» kafedrasının dosenti, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Hikmət Eyvazov və dəvət edilmiş qonaq, DİN-in Şəxsi Heyətlə İş İdarəsinin Şəxsi Heyətin Mənəvi Psixoloci Hazırlıq şöbəsinin rəisi, polis polkovniki Elxan Mürsəlov «Müasir Azərbaycan polisinin inkişaf tarixi», «Azərbaycan polisi müstəqillik illərində», «Azərbaycan polisi dövlətçiliyin və müstəqilliyin qorunmasının sadiq keşikçisidir» mövzularında çıxış etmişlər.
Keçirilən konfrans şəxsi heyət tərəfindən maraqla qarşılanmışdır.  
Geriyə | Çap versiyası