xəbərlər

Azərbaycan Respublikasının Dövlət Bayrağı və Konstitusiya Gününə həsr olunmuş viktorina

03.11.2014

 03 noyabr 2014-cü il tarixində Polis Akademiyasında «Dövlət və hüquq nəzəriyyəsi» kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının “Dövlət Bayrağı və Konstitusiya Günü”nə həsr edilən viktorina keçirilmişdir.

Yarış 3 mərhələdən ibarət olmaqla əyani fakültənin II kursunun müdavimlərindən ibarət 4 komandanın (“ZƏFƏR”, “ODLAR YURDU”, “İSTIQLAL”, “VƏTƏN”), I və II kurslardan dəvət olunan müdavimlərin və eləcə də Polis Akademiyasının müəllimlərinin iştirakı ilə keçirilmişdir. Tədbirdə Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev və Polis Akademiyası rəisinin  tədris və elmi işlər üzrə müavini, polis polkovniki Mahir Əhmədov iştirak etmişdir.

Birinci mərhələdə komandalara test formasında suallar, ikinci mərhələdə açıq suallar, üçüncü mərhələdə isə hər bir komandaya ayrı-ayrılıqda zərf vasitəsilə suallar təqdim olunmuşdur.

Bundan əlavə, yarışmanın daha maraqlı və canlı keçməsi üçün mərhələlərarası fasilələrdə auditoriyaya da suallarla müraciət olunmuş və suallara düzgün cavab verən müdavimlər mükafatlandırılmışlar.

Ümumi nəticələrə görə “ZƏFƏR” komandası yüksək bal toplayaraq yarışmanın qalibi elan olunmuşdur.

Sonda Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev qalib komandanı təbrik edərək öz çıxışında bu cür bilik yarışmalarının keçirilməsinin müdavimlərin hüquqi biliklər əldə etməsində xüsusi rolunu vurğulamış, gələcəkdə bu işlərin daha da genişləndirilməsini tövsiyə etmişdir.

 

Geriyə | Çap versiyası