xəbərlər

Gürcüstan Respublikası DİN-in Akademiyasının nümayəndə heyətinin Azərbaycan Respublikası DİN-in Polis Akademiyasına səfəri

10.07.2017

 5-7 iyul 2017-ci il tarixlərində Gürcüstan DİN-in Akademiyasının nümayəndə heyəti - Gürcüstan DİN-in Akademiyasının rəisi, cənab Givi Mikanadze, Akademiya rəisinin müşaviri, cənab David Gelaşvili və beynəlxalq əməkdaşlıq şöbəsinin baş inspektoru, xanım Miranda Tavadze Azərbaycan Respublikasına səfər etmişlər. Səfər zamanı qonaqlar Ümummilli Lider Heydər Əliyevin məzarını, “Şəhidlər Xiyabanı”nı ziyarət etmiş, DİN-in Polis Akademiyasının maddi-texniki bazası ilə yaxından tanış olmuşlar.

“Heydər Əliyev Mərkəzi”ndə qonaqlara kursantlar tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, eləcə də onlarda vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə yaradılmış Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi mərkəzi, şahmat biliklərinin artırılması, intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə elektron ekranlardan ibarət şahmat stolları yerləşdirilmiş şahmat dərnəyi otağı, müxtəlif fikir mübadilələrinin aparılması, virtual dərslərin keçirilməsi üçün virtual sinif, yeni texnologiyanın vasitəsi ilə ingilis dili tədris olunan funksional kompyuterlərdən ibarət xarici dil öyrənmə mərkəzi və təhsilalanların mütaliə qabiliyyətlərinin daha da yüksəldilməsi, intellektual səviyyələrinin artırılması məqsədilə yaradılmış elektron kitabxana barədə ətraflı məlumat verilmişdir.

6 iyul 2017-ci il tarixdə təhsil və elm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, hər iki təhsil müəssisəsinin elmi, elmi-pedaqoji kollektivləri və tələbələri arasında müvafiq təmasların qurulması məqsədilə Azərbaycan Respublikası DİN-in Polis Akademiyası və Gürcüstan DİN-in Akademiyası arasında əməkdaşlıq sahəsində Protokol imzalanmışdır.

Geriyə | Çap versiyası