xəbərlər

Polis Akademiyasında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib

25.04.2018

 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Qloballaşan dünyanın siyasi-hüquqi həyatında əxlaqi dəyərlərin rolu” mövzusunda elmi-nəzəri konfrans təşkil olunub. Konfrans Polis Akademiyasının “Kursant Elmi Cəmiyyəti” və “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının təşkilatçılığı ilə keçirilib.

Konfransda Bakı Dövlət Universitetinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Xəyyam İsmayılov və Universitetin tələbələri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq-1” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əzimov və Akademiyanın tələbələri, Polis Akademiyasının professor-müəllim heyəti və kursantları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev konfrans iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin anadan olasının 95 illiyinə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb. O, konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Ulu Öndər özünün siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki qərarlılıq və qətiyyəti, cəsarəti, eləcə də, çoxşaxəli fəaliyyəti ilə elə bir məktəb yaradıb, elə bir irs qoyub ki, biz ondan çox şey öyrənməliyik.
Sonra Ümummilli lider Heydər Əliyevin həyatı ilə bağlı “Dahi şəxsiyyət” adlı videoçarx nümayiş etdirilib.

Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki, hüquq üzrə elmlər doktoru, professor Mahir Əhmədov da çıxışında qeyd etdi ki, zaman keçdikcə Heydər Əliyevin dövlət idarəçiliyində çatdığı zirvələr daha aydın görünür,onun zəngin dövlətçilik fəlsəfəsinin öyrənilməsi bir zərurətə çevrilir. Ümummilli lideri bu zirvəyə yüksəldən, yüz illər bundan sonra da xatırlanacaq siyasi keyfiyyət əlbəttə ki,siyasətçinin rəhbər tutmalı olduğu siyasi əxlaq, siyasi davranış nümunəsidir. Müasir qloballaşan dünyada da siyasətdə əxlaqi dəyərlərin gözlənilməsi insan hüquqlarının qorunması, siyasətin sosial yönümlülüyü, siyasi-hüquqi həyatda demokratik prinsiplərin təsbiti və cəmiyyətin hüquqi əsaslarının möhkəmlənməsi üçün zəruri şərtdir. Bu baxımdan idarə edənlər həmişə siyasi norma, qanun və əxlaqi dəyərlərə əsaslanaraq rəhbərlik etməyə borcludurlar.
Bakı Dövlət Universitetinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Xəyyam İsmayılov da dünya fəlsəfi və siyasi-hüquqi fikir tarixində əxlaq və idarəçilikdə əxlaqi dəyərlərlə bağlı məsələlərə müxtəlif yanaşmaların olduğunu, keçmiş dövrlərin siyasi-hüquqi ideyalarında öz ifadəsini tapmış bəzi qlobal problemlərin müasir dövrdə də öz elmi aktuallığını itirmədiyini vurğuladı. O, qeyd etdi ki, bu məsələlər ayrı-ayrı iştirakçıların çıxışlarında daha ətraflı təhlil ediləcək və bir daha siyasi-hüquqi həyatda əxlaqi dəyərlərin əvəzsiz rolu əsaslandırılacaqdır.

Daha sonra elmi-nəzəri konfransda “Konfutsinin təlimində hüquq və əxlaq məsələləri” (Surayə Rzayeva, Polis Akademiyası), “Nizami Gəncəvinin dövlət idarəçiliyi  haqqında siyasi-hüquqi fikirləri” (Nərgiz Süleymanlı, Bakı Dövlət Universiteti), ”Platonun siyasi-hüquqi təlimlərində etik və siyasi məsələlər: tarix və müasirlik” (Süleyman Eyvazov, Polis Akademiyası,”Heydər Əliyev təqaüdçüsü”), “İslam hüququnda idarəçiliyin əxlaqi aspektləri” (Babək Hüseynov, Bakı Dövlət Universiteti), “N.Makiavellinin siyasi-hüquqi ideyalarında əxlaq və siyasətin nisbəti məsələsi” (Amid Məmmədov,Polis Akademiyası), ”N.Tusinin yaradıcılığında siyasət və əxlaqın nisbəti” (Mirbaba Ağarəhimov, Bakı Dövlət Universiteti), “İ.Kantın siyasi-hüquqi təlimlərində hüquq və əxlaqın yeri” (Lalə Novruzova, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası), “Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsində siyasət və əxlaq məsələləri” (Jalə Abasova, Polis Akademiyası) mövzularında tələbə və kursantların çıxışları maraqla dinlənilmişdir.

Çıxışlar bitdikdən sonra mövzu ətrafında müzakirələr keçirilib və müzakirələrdə bir daha vurğulanıb ki, bəşər tarixinin müxtəlif inkişaf mərhələlərində dövlət və hüquq, qanun və qanunvericilik, siyasət, sosial ədalət və s. kimi məsələlərin mahiyyətinin düzgün dərk edilməsi xüsusi əhəmiyyət kəsb etmiş, yaranan təlimlərdə ümumbəşəri dəyərlər öz əksini tapmışdır. Bu dəyərlərə ədalət, ümumi rifah, azadlıq ideyaları və digər mənəviyyat normaları aiddir. Siyasət və hüquq haqqında təlimlərdə ifadə olunan ümumbəşəri dəyərlər hüquq və azadlıqların məzmununu konkret şəkildə açıqlayır və onlara təminat verilməsini əsaslandırır.

 Müzakirələr zamanı Polis Akademiyası “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Ceyhun Süleymanov, həmin kafedranın baş müəllimi, polis polkovnik-leytenantı Babək Nəsirov, Polis Akademiyası “Cinayət hüququ” kafedrasının baş müəllimi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru Rəsul Rüstəmov və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq-1” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru,dosent Zaur Əzimov çıxış edərək konfransda müzakirə edilən mövzuların dövlət və hüquq haqqında humanist ideyaların həyata keçirilməsi üçün nəzəri biliklərin öyrənilməsinə, eləcə də siyasi-hüquqi sistemin demokratikləşməsi ilə bağlı təfəkkürün formalaşmasına müsbət təsir göstərəcəyini vurğulamışlar.

Tədbir çərçivəsində Polis Akademiyasının “Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsi”nin rəisi, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru,dosent Hikmət Eyvazov tərəfindən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Tələbə Həmkarlar Təşkilatı ilə Polis Akademiyasının Kursant Elmi Cəmiyyəti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandumun mətni səsləndirildikdən sonra elm və təhsil sahəsində ümumi maraqlara əsaslanaraq imzalanmışdır.
Sonda konfrans iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunmuş, xatirə fotoşəkilləri çəkdirilmişdir.

Geriyə | Çap versiyası