xəbərlər

DİN-in Polis Akademiyasında AXC-nin 100 illiyi ilə bağlı növbəti tədbir keçirilib

01.06.2018

 Məlumdur ki, ölkəmiz bu il xalqımız və dövlətçiliyimiz üçün mühüm əhəmiyyət daşıyan möhtəşəm bir hadisəni - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənə ilə qeyd edir. Əsası hələ Ulu Öndər tərəfindən qoyulmuş Cümhuriyyət irsinin öyrənilməsi və təbliğ edilməsi kimi mühüm fəaliyyət bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz möhtərəm prezidentin birbaşa diqqət və qayğısı sayəsində tariximizin bu səhifəsi alimlərimiz, xüsusilə gənc tədqiqatçılarımız tərəfindən yenidən araşdırılır, obyektiv tarixi gerçəkliklər bərpa olunur. Bu gün Polis Akademiyasında “İctimai elmlər” kafedrasının baş müəllimi, polis kapitanı, t.ü.f.d. Rəşad Qasımovun müəllif olduğu “Azərbaycan Xalq Cümhuriyyəti-Osmanlı münasibətləri” adlı monoqrafiyasının təqdimatı keçirilmişdir.

Tədbirdə Akademiyanın rəhbər və professor-müəllim heyəti, kursantları və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov iştirak etmişdir.

Akademiyanın rəisi, polis general-mayoru, h.ü.e.d. Nazim Əliyev giriş sözü ilə tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat verərək bildirdi ki, R.Qasımovun bu gün təqdimatına toplaşdığımız “Azərbaycan Xalq Cümhuriyyəti - Osmanlı münasibətləri” adlı elmi əsəri onun çoxillik elmi araşdırmalarının nəticəsidir. Əsər tariximizin şərəfli bir dövrünə - Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin mühüm bir aspektinə həsr edilmişdir.

Sonra ənənəvi olaraq “İctimai elmlər” kafedrasının baş müəllimi, polis kapitanı Rəşad Qasımova Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 18 aprel 2018-ci il tarixli qərarı ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi münasibəti ilə Akademiya rəisinin mükafat əmri elan edildi.

Çıxış edən “İctimai elmlər” kafedrasının rəisi, polis kapitanı Rəhim Məcnunov R.Qasımovun indiyədək 2 tezis, 13 məqalənin, 1 tədris-metodiki vəsaitin müəllifi, 8 fənn proqramının, 8 dərs vəsaitinin və 1 tədris-metodiki vəsaitin həmmüəllifi olduğunu bildirərək monoqrafiyanın tarixi aspektlərə əsaslanaraq çox əhəmiyyət kəsb etdiyini bildirdi.

 Dosent Vasif Qafarov çıxış edərək qeyd etdi ki, Osmanlı mənbələri əsasında yazılmış əsərdə Cümhuriyyətin yaranması ərəfəsində və istiqlaliyyətin elan edildiyi dövrdə Cənubi Qafqazda, o cümlədən ölkəmizdə baş vermiş hərbi-siyasi proseslər detallı şəkildə araşdırılmışdır. Monoqrafiyada Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında siyasi, hərbi, iqtisadi, sosial və mədəni sahələrdə mövcud olmuş münasibətlər kompleks şəkildə nəzərdən keçirilmiş, Azərbaycan tarixinin olduqca mühüm və mürəkkəb bir dövrünə dair yeni elmi yanaşma ortaya qoyulmuşdur. Müəllif xüsusilə tarix elmimiz üçün mühüm əhəmiyyət kəsb edən Osmanlı-Azərbaycan iqtisadi və siyasi münasibətlərinin, Batum müqaviləsinin xarakteri, habelə Birinci Dünya müharibəsinin son mərhələsində böyük dövlətlərin Bakı nefti uğrunda apardıqları mübarizə kimi prinsipial məsələlərə aydınlıq gətirmişdir.
Sonda müəllif t.ü.f.d. Rəşad Qasımov Akademiya rəhbərliyinə,qonağa və iştirakçılara öz minnətdarlığını bildirərək kitabını onlara təqdim etdi.


Geriyə | Çap versiyası