xəbərlər

Məktəblilərlə görüş.

10.05.2013

Xəzər RPİ Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin və DİN Polis Akademiyası «DİO-nun inzibati fəaliyyəti» kafedrası əməkdaşlarının Xəzər rayonu orta məktəb şagirdləri ilə ulu öndər Heydər Əliyevin 90-cı ildönümünə həsr edilmiş görüşü keçirilmişdir. Mayın 8-də Polis Akademiyasında baş tutmuş tədbirdə Xəzər rayonunda yerləşən 230, 156, 117, 26 saylı məktəblərin və S.Makarenko adına litseyin şagirdləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə kafedranın rəisi, polis polkovniki Vaqif Abışov açaraq, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin möhtəşəm siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi və xalqına bağlı əsl azərbaycanlı olması haqqında məzmunlu və dolğun məlumat verdi.
Kafedranın baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərinin səbəbləri, şəxsiyyətlərində kriminogen keyfiyyətlərin formalaşması mərhələləri haqqında qonaqları maraqlandıran açıqlamalar verdi.
«DİO-nun inzibati fəaliyyəti» kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Aleksandr İsmayılov öz çıxışında akademiyada tədris prosesinin məzmunu, dərslərin keçirilməsi qaydası haqqında fikir söyləyərək, video görüntüdən istifadə etməklə əyani misal göstərdi.
Xəzər RPİ Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis kapitanı Samir Ağayev tədbir iştirakçılarını salamlayaraq yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər və onların qarşısının alınmasında daxili işlər orqanlarının rolu haqqında ətraflı məlumat verdi.
Daha sonra orta məktəb şagirdləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular və xatirə şəkli çəkdirdilər.
Şagirdlərin Polis Akademiyasında idman şəhərciyi, atıcılıq tiri, yataqxanalar və tədris otaqları ilə tanışlıqlarından sonra tədbirə yekun vuruldu.
Geriyə | Çap versiyası