xəbərlər

DİN-in Polis Akademiyasında 20 Yanvar faciəsinin anım mərasimi keçirildi

15.01.2009

DİN-in Polis Akademiyasında 20 Yanvar faciəsinin anım mərasimi keçirildi

Azadlıq yolunda canını qurban edənlər heç vaxt yaddan çıxmamalıdırlar. Azərbaycan xalqı öz azadlığı və suverenliyi uğrunda ilk şəhidlərini 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə verdi. Torpağına edilən təcavüzə etirazını bildirən silahsız, günahsız insanlar təpədən-dırnağadək silahlanmış sovet qoşunlarının amansız vəhşiliyinin qurbanı oldular. Milli mənliyə, azadlıq ruhuna qarşı edilmiş bu təcavüz xalqımızın qan yaddaşına yazılıb.

20 Yanvar Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzinə çevrilib və bu mənada, əsrə  bərabər gündür. Məhz həmin gün xalqın azadlıq istəyi daha bir tarixi sınaqdan çıxdı.

«20 Yanvar» faciəsinin 19-cu ildönümü ilə əlaqədar Polis Akademiyasında bir sıra tədbirlər həyata keçirilmişdir. Klubda, ümumi kitabxanada və kursların yataqxanalarında «20 Yanvar» faciəsini əks etdirən fotostendlər quraşdırılmış, divar qəzetlərində məqalələr dərc olunmuşdur, müdavim heyəti ilə «Qanlı Yanvar» mövzusunda yığıncaqlar keçirilmişdir, həmin hadisələr barədə sənədli filmlər nümayiş etdirilmişdir, şəxsi heyət qruplarla akademiya rəisinin müavini, polis polkovniki Qabil Zamanovun rəhbərliyi altında «Şəhidlər xiyabanını» ziyarət edərək, şəhidlərin məzarları üzərinə tər çiçəklər qoymuşlar.

15.01.2009-cu ildə Bakı şəhər 20 Yanvar Şəhidləri Cəmiyyətinin sədri Sultan Əzimzadənin və sədr müavini Sahib Əlizadənin iştirakları ilə «20 Yanvar» şəhidlərinin anım mərasimi təşkil olunmuşdur. Tədbiri Polis Akademiyasının rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev açmış, 20 Yanvar şəhidlərinin, ümummilli liderimiz Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilərək müdhiş gecə barəsində iştirakçılara məlumat vermişdir. Çıxış edən qonaqlar 1990-cı ildə Sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər və zorakılıqlar barədə akademiyanın şəxsi heyəti ilə ətraflı söhbət aparmışlar. Tədbir sənədli filmin və fotoslaydların nümayişi ilə yekunlaşmışdır.
Geriyə | Çap versiyası