xəbərlər

Polis Akademiyasında ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirildi

11.04.2009

Polis Akademiyasında ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirildi.

11.04.2009-cu il tarixdə Polis Akademiyasında daxili işlər orqanlarına yeni qəbul olunmuş gənc zabitlərin andiçmə mərasimi keçirilmişdir.

Tədbir akademiya rəisi tərəfindən təsdiq edilmiş müvafiq əmrə və ssenariyə əsasən həyata keçirilmişdir. Akademiyanın əsas sıra meydanında «Daxili işlər orqanlarında idarəetmənin təşkili və İxtisasartırma» fakültəsinin dinləyiciləri düzülmüş, həmin fakültənin rəisi, polis polkovniki Kərim Kərimov şəxsi heyətin andiçmə mərasiminə hazır olması barədə akademiya rəisi, polis general-mayoru Ramiz Nağıyevə məruzə etmişdir. Tədbir ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin ifası, Azərbaycan Respublikasının Bayrağının meydana gətirilməsi və Heydər Əliyev abidəsinin önünə əklilin qoyulması ilə başlanmışdır.

Mərasimdə daxili işlər orqanlarının veteranları, dinləyicilərin qohumları iştirak etmişlər.

Tədbir ilkin hazırlıq kursu müvəffəqiyyətlə bitirmiş dinləyicilərin «Polis Andı»nın qəbulu, dinləyici, polis leytenantı Hümbət Vəliyevin, dəvət olunmuş Əlibala Hüseynovun və Polis Akademiyasının veteranı,  hüquq elmləri doktoru, respublikanın əməkdar müəllimi Nazim Cəfərlinin çıxışları ilə davam etmişdir.

Yekunda akademiya rəisi, polis general-mayoru Ramiz Nağıyev şəxsi heyəti təbrik etmiş və gələcək fəaliyyətlərinə dair tövsiyələrini vermişdir.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə tamamlanmışdır.

Geriyə | Çap versiyası