xəbərlər

Polis Akademiyasında «Cəmiyyət dəstəkli polis sahə məntəqəsi» adlı dəyirmi masa keçirilmişdir

25.01.2011

 Sosial-iqtisadi sahədə köklü dəyişikliklərin baş verməsi, ictimai münasibətlərin daha ahəngdar və intensiv inkişafı hüquq pozuntularının xəbərdar edilməsi və qarşısının alınması, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin  edilməsinin təkmil forma və metodlarla həyata keçirilməsini zəruri edir. Yaranmış vəziyyətdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi daxili işlər orqanlarının əhaliyə daha yaxın olan polis sahə inspektorları xidmətinin səmərəli və yüksək səviyyədə təşkil edilməsindən bilavasitə asılıdır.

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2007-ci il tarixli «Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında» Sərəncamı bu sahədə aparılan işlərin hüquqi bazası olmaqla daxili işlər orqanlarının fəaliyyətinin daha effektiv təmin edilməsinə münbit zəmin yaratmışdır.

Polis sahə inspektorlarının fəaliyyətinin effektivliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərin daha da uğurla davam etdirilməsi bu sahədə aparılan fəaliyyətin elmi təməl üzərində qurulmasını, zəruri bilik, bacarıq və  vərdişlərə yiyələnmiş gənc polis kadrlarının hazırlanmasını tələb edir.

Bu məqsədlə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının «Daxili işlər orqanlarının inzibati fəaliyyəti» kafedrasında yaradılmış «İnzibati ərazi məntəqəsinin modulu»nda 25 yanvar 2011-ci ildə «Cəmiyyət dəstəkli polis sahə məntəqəsi» adlı dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada «DİO-nun inzibati fəaliyyəti» kafedrasının rəisi, polis polkovniki V.Abışov, Akademiyanın Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovnik-leytenantı, hüquq elmləri namizədi N.Əsgərov, kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru, polis mayoru H.Eyvazov, kafedranın baş müəllimi, polis mayoru V.Mansurov, Bakı şəhəri BPİ İctimai Təhlükəsizlik İdarəsinin inspektoru, polis baş leytenantı Ş.Osmanov və rayon polis orqanlarından Polis Akademiyasının məzunları olmuş polis sahə rəisləri, habelə 4-cü kurs müdavimləri iştirak edirdilər.

Dəyirmi masada polis sahə məntəqəsinin təyinatı, polis sahə inspektorlarının fəaliyyətinin əsas istiqamətləri və metodları haqqında elmi-nəzəri araşdırmalar dinlənilmiş, xarici ölkələrin qabaqcıl təcrübəsinə istinad edilməklə mübahisəli nəzəri və təcrübi problemlər təhlil edilmişdir.

Geriyə | Çap versiyası