Kursant Elmi Cəmiyyəti

AZƏRBAYCAN RESPUBLIKASI  DİN-IN POLIS AKADEMIYASININ KURSANT ELMI CƏMIYYƏTI HAQQINDA ƏSASNAMƏSİ

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 2018-ci il 11 sentyabr tarixli Ə201-034-18 nömrəli əmri ilə  təsdiq edilmişdir.

I fəsil. Ümumi müddəalar.

Maddə 1. Əsas anlayışlar
1. Kursant Elmi Cəmiyyəti (bundan sonra KEC) – AR DİN-in Polis Akademiyasında daimi fəaliyyət göstərən elmi-tədqiqat fəaliyyəti fəal məşğul olan AR DİN-in Polis Akademiyasının (bundan sonra Akademiya) kursantlarının könüllü birliyidir.
2. Kurator – KEC-in müvafiq sektoruna rəhbərliyi həyata keçirən və KEC-in üzvlərindən təyin olunan şəxsdir.
3. Koordinator – Akademiya rəisinin müvafiq əmri əsasında professor-müəllim heyətindən təyin edilən və KEC-in üzvlərinə elmi fəaliyyətini əlaqələndirən şəxsdir.
4. Stajor - Akademiyanın birinci kursunda təhsil alan və KEC-in üzvlüyünə seçilən kursantdır.

Maddə 2. KEC-in fəaliyyətinin əsasları
2.1. KEC Akademiyanın Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinə (bundan sonra ETRN)  tabedir və ona hər tədris ilinin sonunda hesabat verir.
2.2. KEC  öz fəaliyyətində elm və  təhsil sahəsində müvafiq normativ hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu,  “Polis haqqında”  Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsil alanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni,  Polis akademiyasının Nizamnaməsini, Daxili İşlər orqanları əməkdaşlarının etik-davranış Kodeksini və bu Əsasnaməni rəhbər tutur.
2.3. KEC-in üzvlərinin fəaliyyəti kafedralar üzrə professor-müəllim heyətinin tərkibindən seçilmiş elmi rəhbərin rəhbərliyi ilə həyata keçirilir.
2.4. KEC-in fəaliyyətinə kursantların elmi rəhbəri və ya məsləhətçisi vəzifəsini yerinə yetirən təhsilverənlər və elmi işçilər cəlb edilir.

Maddə 3. KEC-in məqsədi və vəzifələri
3.1. KEC-in məqsədi – ali təhsilə olan müasir tələblərə müvafiq olaraq kursantların hazırlıq səviyyəsinin yüksəldilməsinə, elmi-tədqiqat işi formasında kursantların yaradıcılıq potensialının səmərəli şəkildə inkişafına və istifadəsinə köməkliyin göstərilməsidir.
3.2. KEC-in vəzifələri aşağıdakılardır:
3.2.1. kursantların elmi tədqiqat  fəaliyyətinə cəlb edilməsi və bu  fəaliyyətin təşkil olunması;
3.2.2. elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin  formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
3.2.3. kursantların tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motiva¬si¬yanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
3.2.4. tədqiqatcılıq fəaliyyətinin köməyi ilə kursantlarda seçilən peşəyə yaradıcı  şəkildə mənimsənilməsinə köməklil göstərilməsi;
3.2.5.kursantlara elmi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi;
3.2.6. istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə cəlb edilməsi;
3.2.7.elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçil¬məsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
3.2.8. digər ali təhsil müəssisələrinin Tələbə Elmi Cəmiyyətləri ilə əməkdaşlıq həyatı keçirilməsi, kursantların elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tətbiq edilməsi;
3.2.9. müxtəlif səviyyəli tədbirlərin -  elmi  seminar və konfranslar, tələbə elmi işlərinə baxış müsabiqələri, müxtəlif fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində kursantların iştirakının təmin edilməsi;
3.2.10.kursantların elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
3.2.11. Akademiyadaxili və  Akademiyadankənar elmi  tədbirlər haqqında məlumat¬ların toplanılması, yayılması və Akademiyanın internet səhifəsində yerləşdirilməsinin təşkil edilməsi.
II fəsil. KEC-in işinin təşkili və idarə olunması

Maddə 4. KEC-in  işinin təşkili
4.1. KEC-in fəaliyyəti akademiyanın illik tədbirlər planı və özünün iş planı əsasında həyata keçirilir;
4.2.  tədris proqramlarına və elmi tədqiqat işlərinə qoyulan tələblərə cavab verən kur¬sant¬ların elmi tədqiqat işləri (məqalə, məruzə, tezis) müxtəlif müsabiqələrə və konfranslara təqdim oluna bilər.
4.3. KEC-in  fəaliyyətinə kursantların  elmi rəhbəri və ya məsləhətçisi olan müəllimlər və elmi işçilər cəlb edilir;
4.4. KEC-in fəaliyyətinin nəticələri hər tədris ilinin sonunda KEC-in Ümumi Yığın¬cağında təhlil olunur və Akademiyanın Elmi Şurasının iclasında müzakirə edilir.
4.5. KEC:
4.5.1. Akademiyanın elmi katibindən Elmi Şuranın iclaslarında müzakirəyə çıxarı¬lacaq sənədlərin təqdim olunma tarixi haqqında məlumat alır;
4.5.2. ETRN şöbəsinin Akademiyada və digər təşkilatlarda keçiriləcək elmi tədbirlər haqqında  məlumat, elmi tədbirlərin keçirilməsi və kargüzarlığın aparılmasına dair metodiki göstəriş və təlimatlar alır;
4.5.3.  Akademiyanın Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsindən KEC-in elmi işlər və tədbirlərinin illik tematik planını, habelə keçirilmiş tədbirlərin nəticələri haqqında haqqında hesabatı təqdim edir;
4.5.4. kafedra və Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsindən KEC-in elmi tədqiqat proqramlarında, elmi tədqiqat işlərinin planının formalaşdırılmasında iştirakına dair təkliflər alır;
4.3.5 elmi tədqiqat işlərində iştirak edən kursanlar Akademiyanın kafedralarının, fənn kabinetlərinin və laboratoriyalarının avadanlıqlarında istifadə edirlər;
4.3.6. Akademiya təhsil alanların elmi fəaliyyətini stimullaşdırmaq məqsədi ilə kur¬sant elmi tədqiqat layihələrinin yerinə yetirilməsi üçün qrant müsabiqələri təşkil edə bilər

Maddə 5. KEC-in üzvlüyünə  qəbul qaydaları:
5.1. Tədris planını müvəffəqiyyətlə yerinə yetirən və elmi tədqiqat və elmi-təşkilati işlərdə aktiv fəaliyyəti ilə fərqlənən, nümunəvi davranışa malik olan və intizam tənbehi olmayan, bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə cavab verən Polis  Akademiyasının hər bir kursantı KEC-in üzvü ola bilər;
5.2. KEC-in üzvləri Akademiya rəisinin əmri ilə yaradılmış komissiya tərəfindən seçilir;
5.3. KEC-ə üzv olmaq arzusunda olan namizəd aşağıdakı sənədləri təqdim etməlidir:
5.3.1.  KEC-in sədrinin adına ərizə:
5.3.2. tədris prosesində “yaxşı” və ya “əla” qiymətlərlə təhsil alması barədə tədris-metodiki şöbə tərəfindən verilən arayış;
5.3.3. nümunəvi davranışa malik olmasına və intizam təhbehinin olmamasına dair kurs rəhbərliyi tərəfindən verilmiş arayışı;
5.3.4. KEC-in üzvünün anketi;
5.3.5. 3 x 4 – 2 ədəd şəkil.
5.4. KEC-in üzvlüyünə namizədlərin  iki mərhələdə həyata keşirilir;
5.4.1. Birinci mərhələdə KEC-in üzvlüyünə namizədlərin anket məlumatları əsasında seçim aparılır;
5.3.2. İkinci mərhələdə isə KEC-in üzvlüyünə namizədlərin müsahibəsi keçirilir:
5.5. İkinci mərhələdən keçən namizədlərin siyahısı Komissiyanın təqdimatı əsasında Akademiya rəisinin əmri ilə təsdiq olunur.

Maddə  6. KEC-in strukturu:
6.1. KEC-in strukturu aşağıdakı kimi təşkil olunur:
6.1.1. sədr;
6.1.2. iki sədr müavini;
6.1.3. KEC-in katibi;
6.1.4. konstitusiya hüququ və hüququ nəzəriyyəsi seksiyası;
6.1.5. cinayət hüququ, cinayət prosesi və kriminalistika seksiyası;
6.1.6. inzibati hüquq və inzibati proses seksiyası;
6.1.7. mülki hüququ və mülki proses seksiyası;
6.2. KEC-in rəhbərliyi sədr həyata keçirir;
6.3. KEC-in sədri ETRN şöbəsinin təqdimatı əsasında Akademiya rəisinin əmri ilə bir il müddətinə təyin olunur. KEC-in fəaliyyətinin inkişaf dinamikasının saxlanılması və yüksəldilməsi məqsədi ilə sədr təyin olunmuş əməkdaş ardıcıl olaraq ikinci dəfə sədr təyin oluna bilməz.
6.4. KEC-in sədr müavinləri, katibi ümumi yığıncaqda keçirilən gizli və  ya aşıq səsvermə əsasında səs çoxluğu ilə seçilir və birbaşa KEC-in sədrinə tabedir və onun qarşısında hesabat verir.
6.5. Seksiyalar KEC-in ümumi yığıncağında təşkil olunur və təsdiq edilir. Seksiyalara ümumi rəhbərliyi kuratorlar həyata keçirir.
6.6. Kuratorlar ümumi yığıncaqda keçirilən gizli və ya aşıq səsvermə əsasında səs çoxluğu ilə seçilir və KEC-in sədrinə tabedir və onun qarşısında hesabat verir.

Maddə 7. KEC-in sədri:
7.1. KEC-in sədri Polis Akademiyası rəsinin əmrinə əsasən professor-müəllim heyətindən təyin olunur.
7.2.  KEC-in sədri KEC-in Ümumi Yığncağının qərarlarının yerinə yetirilməsini təşkil edir və onlara nəzarəti həyata keçirir. Akademiyanın Elmi Şurasının qarşısında cari tədris ilində KEC-in fəaliyyəti haqqında hesabatla çıxış edir və KEC-i digər müəssisələrdə etibarnaməsiz təmsil edir.
7.3. KEC-in qarşısında duran məsələlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsinə görə KEC-in sədri məsuliyyət daşıyır.
7.4. KEC-in sədrinin aşağıdakı vəzifələri var:
7.4.1. KEC-in fəaliyyətinin təşkil edir;
7.4.2. KEC-in üzvlərinin elmi tədqiqat metodikasına yiyələnməsinə köməklik edir;
7.4.3. KEC-in fəaliyyətinə dair hesabat hazırlayır;
7.4.4. bilavasitə KEC tərəfindən keçirilən tədbirlərə görə məsuliyyət daşıyır;
7.5. KEC-in sədrinin aşağıdakı hüquqları var:
7.5.1. KEC-in ümumi yığıncağının keçirmək və gündəlikdə duran məsələlərin dairəsini müəyyənləşdirib müzakirəyə çıxarmaq;
7.5.2. cari məsələlərlə əlaqədar müvafiq tapşıqırlar və göstərişlər vermək;
7.5.3. KEC-in üzvləri arasında vəzifələri bölüşdürmək;
7.5.4. KEC-in Ümumi Yığıncağı tədris ilinin yekunlarına görə elmi tədqiqat işində yüksək nəticələr əldə etmiş kursantların həvəsləndirilməsi barədə ETRM şöbəsi vasitəsi ilə  Akademiya rəisi qarşısında vəsatət qaldırmaq;
7.5.5. qarşıya qoyulan məqsədə çatmaq və yaranmış problemlərin aradan qaldırılması üçün digər tədbirləri həyata keçirmək.

Maddə 8. KEC-in sədr müavini və katibi
8.1. KEC-in sədr müavinləri hər tədris ilinin əvvəlində ümumi yığıncaqda keçirilən gizli və ya açıq səsvermə əsasında səs çoxluğu ilə seçilir və birbaşa KEC-in sədrinə tabedir və onun qarşısında hesabat verir.
8.2. KEC-in sədr müavinlərinin  hüquq və vəzifələri:
8.2.1. KEC- müvafiq istiqamətdə fəaliyyətinə rəhbərliyi həyata keşirmək;
8.2.2. KEC-in sədr müavini  vəzifəsindən çıxmaq;
8.2.3. KEC-in sədri qarşısında hesabat vermək;
8.2.4. KEC-in sədrinin göstərişlərini və ümumi yığıncağın qərarlarını vaxtı-vaxtında icra etmək və ya icrasına nəzarət etmək;
8.2.5. müvafiq tədbirlərin həyata keçirilməsinə görə məsuliyyət daşımaq;
8.2.6. Tədbirlərin keçirməsi zamanı KEC-in sədri qarşısında məsuliyyət daşımaq;
8.3. Katib hər tədris ilinin əvvəlində ümumi yığıncaqda keçirilən gizli və ya acıq səsvermə əsasında səs çoxluğu ilə seçilir və birbaşa KEC-in sədrinə tabedir və onun qarşısında hesabat verir.
8.4. KEC-in katibinin hüquqları:
8.4.1. KEC-in bütün iclaslarında iştirak etmək;
8.4.2. KEC-in fəaliyyətində iştirak etmək;
8.4.3. KEC-in fəaliyyətinə dair təklifləri ümumi yığıncağın müzakirəsinə  çıxarmaq;
8.5. KEC-in katibinin vəzifələri:
8.5.1. KEC-in ümumi yığıncağının bütün keçirilən iclaslarının protokolunu, qərar¬larını  və digər aktları tərtib etmək və saxlamaq;
8.5.2. KEC-in sədrinin tələbinə əsasən bütün iclas protokollarını, qərarlarını təqdim etmək

Maddə 9. KEC-in ümumi yığıncağı
9.1. KEC-in ali  idarəetmə orqanı ümumi yığıncaqdır:
9.2. KEC-in ümumi yığıncağı KEC-in idarə olunmasını həyata keçirən və daimi fəaliyyət göstərən kollegial orqandır:
9.3. KEC-in yaradılması, yenidən təşkili və onun tərkibinin müəyyənləşdirilməsi Akademiya rəisinin əmri əsasında həyata keçirilir:
9.4. KEC-in ümumi yığıncağı, tərkibinə 24 nəfər daxil olmaqla birillik müddətə seçilir və kursantların elmi tədqiqat işinin təşkili ilə əlaqədar Polis Akademiyasının qarşısında duran məsələlərin yerinə yetirilməsini təşkil edir, səlahiyyətləri çərçivəsində bütün işlərin gedişinə nəzarəti həyata keçirir, KEC-in işini planlaşdırır və əlaqələndirir:
9.5. KEC-in  ümumi yığıncağı ayda bir dəfə KEC-in iş planına uyğun olaraq çağırılır. KEC-in ümumi yığıncağı KEC-in üzvlərinin tam tərkibdə iştirak etdiyi halda səlahiyyətli hesab edilir:
9.6. KEC-in ümumi yağıncağı KEC-in üzvlərinin 50 faizinin qərarı əsasında növbədənkənar iclas çağırıla bilər:
9.7. KEC-in ümumi yığıncağının qərarları gizli və ya acıq səsvermə yolu ilə iştirakçıların səs çoxluğu ilə qəbul edilir:
9.8. KEC-in fəaliyyəti Polis Akademiyasının illik tədbirlər planı və özünün iş planı əsasında həyata keçirilir:
9.9. KEC-in ümumi yığıncağının tədris ilinin yekunlarına görə elmi tədqiqat işində yüksək nəticələr əldə etmiş kursantların həvəsləndirilməsi barədə Akademiya rəisi qarşı¬sında vəsatət qaldıra bilər:
9.10. KEC-in fəaliyyətinin nəticələri hər tədris ilinin sonunda KEC-in ümumi yığın¬cağında təhlil olunur və Polis Akademiyasının Elmi Şurasının iclasında müzakirə edilir:
9.11. KEC-in iş planına uyğun olaraq dərsdənkənar vaxtda yerinə yetirilən kursant¬ların elmi tədqiqat işləri (məqalə, məruzə, tezis) ümumi yığıncaqda müzakirə edilib təsdiq olunmuqdan sonra müxtəlif müsabiqələrə və konfranslara təqdim oluna bilər:

Maddə 10. KEC-in üzvlərinin hüququ və vəzifələri
10.1. KEC-in üzvlərinin hüquqları aşağıdakılardır:
10.1.1. KEC-in tərəfindən keçirilən bütün tədbirlərdə iştirak etmək;
10.1.2. KEC-in orqanlarının formalaşmasında, konfranslarının işində iştirak etmək;
10.1.3. KEC-in və onun struktur bölmələrinin fəaliyyətinə dair rəy və təkliflərini bildirmək;
10.1.4.  KEC-in fəaliyyətinə dair informasiya əldə etmək;
10.1.5. KEC-in ümumi yığıncağına  seçmək və seçilmək;
10.1.6. yerli və beynəlxalq qrant proqramlarında iştirak etmək;
10.1.7. KEC-ə üzvlüyünü öz xahişi ilə dayandırmaq:
10.2.  KEC-in üzvlərinin vəzifələri aşağıdakılardır:
10.2.1. təhsil aldığı Polis akademiyasının Nizamnaməsinin və daxili işlər orqanları əməkdaşlarının fəaliyyətini tənzim edən qanunvericiliyin tələblərinə riayət etmək;
10.2.2. elmi tədqiqat işinin aparılmasında və tədqiqat metodlarının öyrənilməsində fəallıq göstərmək;
10.2.3. KEC-in fəaliyyətində və keçirdiyi tədbirlərdə iştirak etmək:
10.2.4. KEC-in rəhbər orqanları tərəfindən qəbul olunan qərarları yerinə yetirmək;
10.2.5. təhsil aldığı Polis Akademiyasının nüfuzunu yüksəltmək:

Maddə 11. KEC-in üzvlüyünün xaric edilməsinin əsasları
11.1. KEC-in üzvü aşağıda göstərilən əsaslarla xaric edilə bilər;
11.1.1. öz ərizəsinə əsasən;
11.1.2. tədris prosesində “kafi” və ya “qeyri-kafi” qiymətlər  aldıqda;
11.1.3. Akademiyanın daxili-intizam qaydalarını, daxili işlər orqanlarının etik davranış Kodeksinin tələblərini pozduqda və Akademiya rəisinin əmri ilə ona intizam tənbehi verildikdə;
11.1.4. KEC-in keçirilən planlı və plandan kənar ümumi  yığıncaqlarında üç dəfə üzrsüz səbəbdən iştirak etmədikdə;
11.1.5.  KEC-in üzvü üzərinə düşən vəzifələri yerinə yetirmədikdə və yaxud lazımı şəkildə yerinə yetirmədikdə;
11.1.6. Öz şəxsi məqsədlərinə çatmaqdan ötrü  RTC-in adından sui-istifadə etdirdə:
11.1.7. Akademiyanın məzunu olduqda;
11.1.8. Akademiyadan xaric edildikdə.
11.2. Bu Əsasnamənin 11.1-ci  maddəsində göstərilən əsaslarla Tədris-metodiki şöbənin və kurs rəhbərliyinin məlumatına əsasən ümumi yığıncağının qərarı əsasında KEC-in üzvlüyündən xaric edilir;
11.3. Bu Əsasnamənin 11.1.2.-ci – 11.1.2.-ci maddələrində göstərilmiş əsaslarla KEC-in üzvlüyündən xaric olunmuş kursant gələcəkdə yenidən KEC-ə üzv olmaq hüququnu itirir;
Fəsil III. Keçid müddəalar

Maddə 12. KEC-in kargüzarlığı
12.1. KEC-in kargüzarlıq fəaliyyətinə onun işinin məzmununa uyğun olan sənədləş¬mələrin aparılması daxildir;
12.2.  Bu sənədlər aşağıdakılar ola bilər;
12.2.1. müvafiq normativ hüquqi aktlar, Azərbaycan Respublikası Təhsil  Nazirliyinin və Polis Akademiyası rəisinin kursantların elmi işinə dair əmr və  göstərişləri;
12.2.2. Polis Akademiyasının KEC-in Əsasnaməsi;
12.2.3. KEC-in illik iş planı və hesabatı;
12.2.4. KEC-in iclaslarının protokolları;
12.2.5. kursant və tələbələrin elmi konfranslarının sənədləri və materialları (hazırlıq planı, məruzələrin tezislərin, iclas protokolların, konfransın nəşr olunmuş materialları və s);
12.2.6. ən yaxşı kursant elmi tədqiqat işi, müsabiqələrin, dəyirmi masaların, konfrans¬ların keçirilməsi haqqında sənədlər və fotoşəkillər (işlərin siyahısı, annotasiyalar, rəylər, qərar, mükafatlandırma və s.);
12.2.7. KEC-in üzvləri haqqında məlumat bazası;
12.2.8. Respublika və xarici ali təhsil müəssisələri ilə yazışmalar və s.
12.3. KEC-in kargüzarlıq sənədləri 10 il müddətində saxlanılır.

Geriyə | Çap versiyası