İxtisasartırma fakültəsi

Respublikada aparılan hüquqi və sosial islahatlar, beynəlxalq birliyə sıx inteqrasiya, demokratikləşdirmə, habelə idarəetmə mexanizminin və təhsil sisteminin təkmilləşdirilməsi prosesində daxili işlər orqanları üçün idarəçilik və təşkilatçılıq üzrə yüksək ixtisaslı kadrların hazırlanması, eləcə də müasir tələblərə cavab verən kadr ehtiyatının yaradılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 5 dekabr   2001-ci il tarixli 470 nömrəli əmri ilə DİN-in Polis Akademiyasında “DİO-da idarəetmənin təşkili” və “İxtisasartırma” fakültələri yaradılmışdır. “DİO-da idarəetmənin təşkili” fakültəsinin mahiyyəti və qarşısında duran mühüm vəzifələr nəzərə alınaraq, həmin dövrdə fakültənin rəisi, eyni zamanda akademiyanın rəis müavini statusuna malik idi. İlk illər “DİO-da idarəetmənin təşkili” fakültəsinə rəhbərlik hazırda təqaüddə olan polis polkovniki, professor Cəfərli Nazim Həsən oğlu tərəfindən həyata keçirilmişdir. Xidməti fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə ona Azərbaycan Respublikası Prezidentinin 30.06.2006-cı il tarixli 1545 nömrəli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir. “İxtisasartırma” fakültəsinə isə rəhbərliyi təqaüddə olan polis polkovniki Kərimov Kərim Yusif oğlu həyata keçirmişdir. 

İdarəçilik və təşkilatçılıq üzrə yüksək ixtisaslı kadrların hazırlanması üçün “DİO-da idarəetmənin təşkili” fakültəsinə qəbul əyani tədris formasında iki illik müddətə planlaşdırılmışdır. Bu məqsədlə Rusiya Federasiyası DİN-in İdarəçilik Akademiyasının və digər dövlətlərin ali təhsil müəssisələrinin bu sahədəki tədris planları əldə edilərək zəruri təhlillər aparılmış və 23 fənnin tədrisini özündə əks etdirən tədris planı hazırlanaraq təsdiq olunmuşdur. Həmin dövrdə  Respublikada  bu istiqamətdə təhsil aparılmadığından,  qeyd olunan fənlər üzrə Azərbaycan dilində vəsaitlərin hazırlanması professor-müəllim heyətinin qarşısında bir vəzifə kimi qoyulmuş və xüsusi tədbirlər planı hazırlanaraq icrasına başlanılmışdır.  Bunun nəticəsi olaraq   fakültədə tədris olunan bütün fənlər üzrə fənn proqramları nəşr etdirilmiş və təhsil alanların istifadəsi üçün hər bir fənn üzrə mühazirələr toplusu tərtib olunaraq istifadəyə verilmişdir. Bununla yanaşı qrupda tədris olunan 16 fəndən hər birindən 30 ədəd olmaqla 480 ədəd mühazirələr toplusu nəşr olunub və fənlərin didaktik təminatının yüksəldilməsi məqsədilə Rusiya Federasiyası DİN-in İdarəçilik Akademiyasından 131 adda 191 ədəd dərslik və dərs vəsaiti alınaraq kitabxana fonduna daxil edilmişdir.

Sonradan daxili işlər orqanları üçün idarəetmənin təşkili üzrə mütəxəssislərin hazırlanması və rəhbər kadr ehtiyatının yaradılması işinin intensivləşdirilməsi  məqsədilə DİN-in 14 fevral 2003-cü il tarixli 75 nömrəli əmri ilə təhsil müddəti bir il müəyyənləşdirilmişdir. Həmin ildən 2018-ci ilədək fakültəyə qəbul həyata keçirilmişdir.
Fəaliyyətdə olan fakültələr üzrə təkrarçılığın qarşısının alınması, idarəçiliyin daha çevik həyata keçirilməsi, mobil rəhbərliyin əldə olunması, eyni zamanda hər iki istiqamət üzrə təhsilalanların praktiki fəaliyyətlə məşğul olmaları nəzərə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 18.03.2008-ci il tarixli     160 nömrəli əmri ilə  “DİO-da idarəetmənin təşkili” və “İxtisasartırma” fakültələri ləğv edilərək “DİO-da idarəetmənin təşkili və ixtisasartırma” fakültəsi yaradılmış və rəhbərliyi Kərim Kərimov həyata keçirmişdir.
DİN-in 07 sentyabr 2019-cu il tarixli Ə716-001-19 nömrəli  təşkilati ştat məsələlərinə dair əmrinə əsasən  fakültənin fəaliyyət istiqamətlərindən “DİO-da idarəetmənin təşkili” üzrə tədris kursu  ləğv edilmiş və adı dəyişdirilərək yenidən İxtisasartırma fakültəsi adlandırılmışdır. Ərazi polis orqanlarında idarəçilik qabiliyyətinə malik əməkdaşların hazırlanması məqsədilə  DİN-in 23 sentyabr 2019-cu il tarixli “Daxili İşlər Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsinə dair” tədbirlər planına müvafiq olaraq ləğv olunmuş kurs üzrə  “Şəhər, rayon və nəqliyyatda polis orqanlarının rəhbər vəzifəli əməkdaşları üçün ixtisasartırma kursunun Tədris Planı” təsdiq edilmiş və noyabr ayının 1-dən bu cür kursların təşkilinə başlanılmışdır. Aparılmış dəyişikliklərə müvafiq olaraq DİN-in 12 dekabr 2019-cu il tarixli Ə1012-001-19 nömrəli təşkilati ştat məsələlərinə dair əmrinə əsasən isə fakültənin ştat tərkibindən bir ştat vahidi ixtisar edilərək, say tərkibi 4 nəfər müəyyənləşdirilmişdir.
2013-cü ildən hazıradək fakültənin rəisi, polis polkovniki Həsənov Bağban Suliddin oğludur. O, DİN-in Polis Akademiyasının məzunudur. 1995-ci ildə akademiyanı “Fərqlənmə” diplomu ilə bitirmiş və həmin ildən akademiyada işləyir. Xidmət dövrü ərzində “Kriminalistika” kafedrasında müəllim, “Analiz, ümumiləşdirmə və nəzarət” bölməsində inspektor, bölmə rəisi, 2006-cı ildən Tədris-metodiki şöbənin baş inspektoru vəzifələrində çalışmışdır.

Fakültənin digər fəaliyyət istiqamətlərindən biri də DİN-in ayrı-ayrı xidmətlərində çalışan əməkdaşların professional biliklərinin yüksəldilməsi məqsədilə tədrisin təşkilinə yönəldilməsidir. Yarandığı gündən bu fakültədə DİN-in ayrı-ayrı idarələrinin, şöbələrinin rəis müavinləri, əməliyyat-axtarış xətti üzrə əməkdaşlar, sahə müvəkkilləri, DYPİ-nin əməkdaşları, ekspert-kriminalistlər və s. sahələrin əməkdaşları ilə ixtisasartırma kursları keçirilmişdir.
 Bu kursların təşkilində, onların bilavasitə ixtisasının yüksəldilməsinə yönəldilmiş mövzuların tədrisinə diqqət daha da artırılmış, tədris materiallarının müasirliyi və dinamikliyi təmin edilmişdir.
Əməkdaşların təkmilləşdirmə kursları bütün tədris ili ərzində təşkil olunur və müddətləri DİN-in müvafiq qərar və əmrlərinə əsasən tənzimlənir. Hər bir istiqamət üzrə təşkil olunacaq kursların mövzu-təqvim planları Daxili İşlər Nazirliyinin aidiyyəti Baş İdarələri ilə razılaşdırıldıqdan sonra tətbiqinə başlanılır. Fakültəyə akademiyanın tədrisdə və praktikada uzun illər təcrübəsi olan müəllimlər, həmçinin aidiyyəti baş idarə və idarələrinin rəhbər heyəti cəlb olunur.

Dinləyicilərə bu kurslarda Azərbaycan dilində sənədləşdirmə və kargüzarlıq fəaliyyəti, eyni zamanda konkret sahələr üzrə elmin və texnikanın son nailiyyətləri, qanunvericilikdə yeniliklər, normativ-hüquqi aktların tətbiqində olan problemlər araşdırılır, praktiki işdə səmərəli nəticələr vermiş qabaqcıl iş üsulları ümumiləşdirilərək öyrədilir. Cinayətkarlığa qarşı mübarizənin beynəlxalq təcrübəsindən və onun qanunvericilik bazasının təkmilləşdirilməsi vəziyyətindən ümumiləşdirilmiş məlumatlar verilir.
Daxili İşlər Nazirliyinin xətti ilə  xarici dövlətlərdə təhsil almış əməkdaşlara milli qanunvericiliyin öyrənilməsi də fakültənin  fəaliyyət dairəsinə aiddir. Belə ki, xarici dövlətlərdə təhsil alan əməkdaşlar III kursdan başlayaraq  hər kursun sonunda  iki həftəlik “Milli qanunvericiliyin öyrənilməsi” kursuna cəlb edilir, təhsilini başa vurub respublikamıza qayıtdıqdan sonra isə hər iki ölkənin qanunvericiliyindəki fərqli cəhətləri və son dövrdə qanunvericiliyimizdə baş verən dəyişiklikləri öyrətmək üçün üç aylıq “Xüsusi hazırlıq” kursları təşkil olunur və kursu müvəffəqiyyətlə başa vurmuş əməkdaşlara müvafiq sertifikatlar verilir. Ancaq bu kursları başa vurduqdan sonra onlar xidməti fəaliyyətə başlayırlar.
Xüsusi təyinatlı ali təhsil müəssisələri arasında əməliyyat-axtarış fəaliyyəti ilə bağlı zəngin  kitabxana fondu və təcrübəli müəllimləri ilə seçilən  Polis Akademiyasında Respublikanın digər hüquq-mühafizə orqanları ilə  bağlanmış ikitərəfli müqavilələr əsasında  həmin qurumların əməkdaşları ilə də “Xüsusi hazırlıq” kurslarının keçirilməsi də təşkil olunur. Azərbaycan Respublikası Fövqəladə Hallar və Vergilər Nazirliklərinin əməkdaşları ilə “Əməliyyat-axtarış fəaliyyəti” xətti üzrə “Xüsusi kurs”lar təşkil olunmuşdur.

Geriyə | Çap versiyası