Azərbaycan Polis Akademiyasını təşkil etmək tədbirləri barədə qərar

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını təşkil etmək tədbirləri barədə[1]
 
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 
“Azərbaycan Polis Akademiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 may tarixli 782 nömrəli Fərmanının icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, doktoranturaya qəbul isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.[2]
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkili 1000 nəfər dəyişkən, 283 nəfər daimi ştat vahidi həcmində həyata keçirilsin.[3]
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəhbər və rəis heyətinin vəzifə maaşları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş idarələrinin müvafiq əməkdaşlarının vəzifə maaşlarına, xüsusi rütbəsi olmayan professor-müəllim və tədris-yardımçı heyətinin vəzifə maaşları isə Azərbaycan Respublikası xalq təhsili ocaqlarında qüvvədə olan müvafiq vəzifə maaşlarına bərabər həcmdə müəyyənləşdirilsin.
Polis Akademiyasına pedaqoji işə qəbul olunan elm sahələri göstərilməklə “fəlsəfə doktoru” və “elmlər doktoru” dərəcəsi olan şəxslərin əvvəlki elmi-pedaqoji iş stajı daxili işlər orqanlarında xidmət illəri kimi hesab edilsin.[4]
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının saxlanması üçün hər il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə lazımi pul vəsaitinin ayrılmasını nəzərdə tutsun.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 1992-ci-1995-ci illərdə yeni tipli tədris korpusunun layihələşdirilib tikilməsini, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası klubunun yenidən qurulmasını həyata keçirsin.[5]
Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi bu məqsədlər üçün lazımi vəsait ayrılmasını nəzərdə tutsun.
6. Bakı şəhər icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının elmi-pedaqoji işçiləri üçün 1992-1995-ci illərdə 30 mənzil ayırsın.
 
Baş nazirin birinci müavini   V. ƏHMƏDOV
İşlər müdirinin müavini    İ. HACIYEV
 
Bakı şəhəri, 9 iyun 1992-ci il
   № 321

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1.       14 iyun 1994-cü il tarixli 234 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
2.       3 sentyabr 2001-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
3.       7 mart 2013-cü il tarixli 41 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart 2013-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 336)
4.       18 aprel 2017-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2017-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 639)
5.       28 aprel 2017-ci il tarixli 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2017-ci il, № 90, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 653)
6.       28 noyabr 2018-ci il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 noyabr 2018-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2458)

Geriyə | Çap versiyası