xəbərlər

Polis Akademiyasının kursantları Azərbaycan İstiqlal Muzeyində

21.02.2020

 Daxili İşlər Nazirliyinin Polis Akademiyasının I kurs VII taqım kursantları kurs rəisinin rəhbərliyi ilə   Azərbaycan İstiqlal Muzeyində ekskursiyada olublar. Muzeyi ziyarət edən kursantlar Xalq Cümhuriyyəti dövrünə aid maraqlı eksponatlarla tanış olublar. Kursantlara ilk dövlət muzeyində Azərbaycanın müstəqillik dövrünü əks etdirən tarixi faktlar və sənədlər barədə məlumat verilib.
Ziyarətçilər muzeydə ekspozisiyaların nümayiş etdirildiyi 6 zal ilə tanış olublar. İlk zalda Azərbaycanın dövlət rəmzləri – üçrəngli bayraq, gerb, himn və Konstitusiyanı əks etdirən sənədlər, eləcə də istiqlaliyyət tarixini, görkəmli şəxsiyyətlərin həyatını əks etdirən fotolar, müxtəlif məlumatlar yer alıb. İkinci zalda Azərbaycan tarixinin XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinədək olan dövrü əks etdirilib. Zalın digər bölməsində 31 mart soyqırımına həsr olunan fotofaktlar, arxiv materialları, sənədlər nümayiş olunub. XX əsrin sonunda milli-azadlıq hərəkatına, Qarabağ müharibəsinə həsr olunan ekspozisiyanın yerləşdiyi növbəti zalda Azərbaycanın yeni tarixi əks olunub. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü, erməni terroru, 20 Yanvar qırğını, Xocalı soyqırımı barədə fotolar, müxtəlif sənədli materiallar sərgilənib. Müstəqil Azərbaycan Respublikasının tarixini, həmçinin Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətini əks etdirən sənədlər, tarixi faktlar kursantların xüsusi marağına səbəb olub. Burada Heydər Əliyevin daxili və xarici siyasəti, neft strategiyası barədə tarixi faktlar, sənədlər, kitab və qəzet materialları yer alıb. Həmçinin prezident İlham Əliyevin fəaliyyəti, son illərdə Azərbaycanın qazandığı nailiyyətlər barədə məlumat və fotolar da nümayiş olunub.






Geriyə | Çap versiyası