xəbərlər

“Ana dilim, səndədir xalqın əqli, hikməti”

25.02.2020

 DİN-in Polis Akademiyasında 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim, səndədir xalqın əqli, hikməti” adlı dəyirmi masa keçirildi.
Dəyirmi masada Polis Akademiyasının kursant və zabit heyəti ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev tədbiri açıq elan edərək iştirakçılara DİN rəhbərliyinin salamlarını və təbriklərini çatdırdı. N.Əliyev f\evralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunduğunu bildirdi və həmin günün yaranma tarixi haqqında məlumat verdi. Bu günün qeyd olunmasında məqsəd ana dilinin təbliği, inkişafı və öyrənilməsinin bütün formalarını müdafiə etməkdən ibarət olduğunu söylədi. O, hər bir dilin ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitə olduğunu bildirdi və dövlət atributlarından biri olan dilimizi sevməyi, qorumağı gənc nəslə tövsiyə etdi.

 Çıxış üçün dəvət olunmuş qonaqlardan ADPU-nun professoru, f.ü.e.d. Buludxan Xəlilov və BSU-nun müəllimi, f.ü.f.d. Rəna Əliyeva Azərbaycan dilinə yüksək qiymət verərək dilimizin keçdiyi tarixi yola nəzər saldılar. Bu gün dilimizin inlişaf edərək daha yüksək tribunalardan səsləndiyini, rəsmi tədbirlərdə, sənədlərdə, təhsildə, elmdə və digər sahələrdə istifadə olunduğunu vurğuladılar. Görkəmli şəxsiyyətlərin, şairlərin sözlərindən sitatlar gətirərək dilimizin aliliyindən, möhtəşəmliyindən söhbət açdılar.
DİN-in Polis Akademiyasının “Dil hazırlığı” kafedrasının müəllimi, f.ü.f.d. Fərqanə Əliyeva “Heydər Əliyev və dil siyasəti” mövzusunda çıxış edərək ulu öndərimizin Azərbaycan dilinə verdiyi dəyərdən və misilsiz xidmətlərindən danışdı. O, müstəqillik əldə etdikdən sonra H.Əliyevin Azərbaycan dili haqqında imzaladığı qanun, fərman və sərəncamlar haqqında məlumat verərək xalqımızın mənəvi mövcudluğunun əsas amillərindən olan dilimizin inkişafı və yüksəlişi uğrunda apardığı mübarizədən danışdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu bildirdi.

 Tədbirdə DİN-İn Polis Akademiyasının I kurs kursantları Fərid Qafarov, Rəşad Əkbərov, Turqut Süleymanlı və Məhəmməd Əli Həsənzadə Azərbaycan dilinin tarixi, əlifbası, dünya dilləri arasında mövqeyi və bədii irsimizdəki dəyəri haqqında çıxış etdilər.
Tədbirdə iştirak edən qonaqlar və kursantlar müzakirələrə qoşuldu, Dövlət Gömrük Komitəsinin Akademiyasının III kurs tələbəsi Orxan Yusifov, Polis Akademiyasının I kurs kursantları Cavidan Quliyev, İbrahim Novruzlu və Afər Səfərli bədii irsimizdən şeirlər, atalar sözləri və aforizmlər söyləyərək fəallıq göstərdilər.
Tədbirin sonunda Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev dəyirmi masada iştirak edənlərə öz təşəkkürünü bildirdi. Qonaqlar Akademiyanın maddi-texniki bazası ilə tanış oldu, xatirə şəkli çəkildi.

Geriyə | Çap versiyası