xəbərlər

Polis Akademiyasının kursantı "Koronavirusdan sonrakı həyat" adlı esse müsabiqəsində 2-ci yeri tutub.

09.06.2020

 İyunun 5-də Bakı Kitab Mərkəzinin böyüklər arasında elan etdiyi "Koronavirusdan sonra həyat" adlı Esse müsabiqəsinin qalibləri açıqlanmışdır. Azərbaycan Respublikasının birinci Ombudsmanı, professor Elmira Süleymanovanın təşəbbüsü ilə təşkil olunmuş müsabiqənin şərtlərinə əsasən, iştirakçılara koronavirus pandemiyasından sonrakı həyatın bütün bəşəriyyət üçün necə olacağına dair fikirləri ilə, bu xəstəliyin elmi, siyasi, humanitar, sosial, iqtisadi, psixoloji və digər təsirləri barədə mülahizələri ilə bölüşməyi təklif olunmuşdur.

Müsabiqəyə rus və Azərbaycan dillərində 82 nəfər esse təqdim edib. Polis Akademiyasının kurs rəisi, polis polkovnik-leytenantı Mehman Həsənov və “Dil hazırlığı” kafedrasının müəllimi, filologiya  üzrə fəlsəfə doktoru Fərqanə Əliyevanın və digər əməkdaşların tövsiyələri əsasında  11  kursant  müsabiqəyə esse hazırlayaraq təqdim etmişdir.
Müsabiqənin təşəbbüskarı olan E.Süleymanova bildirib ki, "Evdə qal” çağırışına əməl edən insanların bəziləri üçün evdə qaldıqları müddət darıxdırıcı olub, bəziləri isə bu müddətdə istirahət etmək imkanı əldə ediblər: "Karantinlə əlaqədar insanların kütləvi iştirak etdiyi tədbirlərin keçirilməsi qadağan edilib. Bunu nəzərə alaraq, belə fikirləşdim ki, "Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsi keçirmək olar. Hər kəs evdə qalmaqla özünün yaradıcılıq potensialından istifadə edə və maraqlı yazı yaza bilər. Bu təklifimi Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızına bildirdim. Çox təşəkkür edirəm ki, təklifim belə yüksək səviyyədə gerçəkləşdirdi”.

 Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı E.Süleymanovanın təklifini çox böyük məmnuniyyətlə qəbul etdiyini bildirib.  O qeyd edib ki, Münsiflət Heyətinin üzvləri tanınmış ədəbiyyatçılardır. Onların arasında "525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair-tərcüməçi Səlim Babullaoğlu, yazıçı-dramaturq İlqar Fəhmi, yazıçı-tənqidçi Tofiq Məlikli var. Onun sözlərinə görə, Polis Akademiyasının 10-dan çox tələbəsi müsabiqəyə esse təqdim edib: "Maraqlı yazılar vardı. Bu, mənim üçün bir sürpriz oldu. Adətən, eyni mövzu olanda yazılar bir-birinə oxşar olur. Bu yazıların arasından məhz tələblərə uyğun olanı seçmək Münsiflər Heyətinin üzərinə düşür. Koronavirusdan sonrakı həyatla bağlı bir neçə yazıda verilən proqnozlar mənə maraqlı gəldi. Bu baxımdan o tipli yazıları yüksək qiymətləndirdim. Hesab edirəm ki, nəticələr obyektiv olacaq”.

Münsiflər Heyətinin digər üzvü S.Babullaoğlu hazırda dünyanı narahat edən pandemiyaya həsr edilən mövzu üzrə müsabiqənin keçirilməsini çox təqdirəlayiq hal sayıb:  "Gənc nəslin bu ağrılı problemə nə qədər həssas yanaşması, problemin kökünün dərk etməsi, gələcəyə baxışı oluqca maraqlı idi. Çox sevindirici haldır ki, Polis Akademiyasının tələbələri müsabiqəyə olduqca savadlı yazılmış esselər təqdim ediblər. Bu, bizi sevindirir. Gələcəkdə savadlı polislərlə ünsiyyətdə olmaq hər birimiz üçün çox xoş olar. Mən buna görə onlara təşəkkür etmək istəyirəm. Azərbaycan dilində təqdim edilən esselərin arasında 15-ə yaxını olduqca maraqlı və savadlı, əhatəli idi”.
Müsabiqəyə göndərilmiş 82 esse tanınmış ədəbiyyatçılardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Müsabiqənin Azərbaycan bölməsi üzrə 2-ci yeri Polis Akademiyasının 1-ci kurs kursantı Əliyev Firdovsi tutmuşdur. Qalibə Baku Book Center-dən Sertifikat və 300 manat, eyni zamanda Akademiya rəisinin əmri ilə bir aylıq vəzifə maaşı məbləğində pul mükafatı təqdim edilmişdir.

Geriyə | Çap versiyası