Polis akademiyası

xəbərlər

ADU və Polis Akademiyası Ümummilli lider Heydər Əliyevin 97-ci ildönümü münasibətilə onlayn seminar keçirib

18.05.2020

9 may 2020-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Azərbaycan Dillər Universitetinin Təhsil 1 və Təhsil 2 fakültələri Polis Akademiyasının Elmi-tədqiqat şöbəsi və İctimai elmlər kafedrası ilə birgə onlayn elmi seminar təşkil edib. Qeyd etmək lazımdır ki, Polis Akademiyası ilə ADU arasında bağlanmış əməkdaşlıq müaviləsi nəticəsində tədris və elmi sahədə müxtəlif silsilə tədbirlər keçirilir.

Elmi seminarı giriş sözü ilə ADU-nun Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov açaraq Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.

Elmi seminarda çıxış edən Polis Akademiyasının Elmi-tədqiqat şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyvazov bildirib ki, Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov bildirdi ki, Azərbaycanı XX yüzilliyin sonlarında düşdüyü xaos və anarxiyadan çıxaran, ölkədə ictimai-siyasi sabitliyi təmin edən ümummilli lider Heydər Əliyev zəngin dövlət idarəçiliyi ənənəsi formalaşdırmışdır. Bütün ömrünü dövlətinin, xalqının rifahına, intibahına həsr edən, bu yolda canını belə əsirgəməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, millətinin gələcəyini təmin etmişdir.

Polis Akademiyasının İctimai elmlər kafedrasının rəisi Rəhim Məcnunov çıxış edərək deyib ki, Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi ilə ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı. Yeni Konstitusiya layihəsi hazırlanaraq referendum yolu ilə qəbul edildi, bazar münasibətlərinə keçidlə bağlı möhkəm qanunvericilik bazası yaradıldı, “Əsrin müqaviləsi” imzalandı. Bundan başqa, milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, Azərbaycan informasiya blokadasından çıxarıldı.
Onlayn seminarda çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova,  ADU rektorunun köməkçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı, Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev və  Xarici dillər kafedrasının baş müəllimi Afət Həşimi vurğulayıblar ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.
Elmi seminarın sonunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş slayd şou göstərilib.





Çap et  Çap et