Polis akademiyası

xəbərlər

DİN-in Polis Akademiyasının əməkdaşları 19 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Ali Neft Məktəbi və Qara Dəniz Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Post-COVID dönəmində ali təhsil və tədqiqat” mövzusunda keçirilmiş vebinarda iştirak ediblər.

19.04.2021

 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Ali Neft Məktəbi və Qara Dəniz Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Post-COVID dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar keçirilmişdir. DİN-in Polis Akademiyasının “Beynəlxal əməkdaşlıq” bölməsinin inspektoru polis polkovnik-leytenantı Ruslan Cəfərov və “İctimai elmlər” kafedrasının baş müəllimi Nərgiz Məmmədova vebinarda iştirak etmişdir. Vebinarda açılış nitqi ilə Təhsil naziri Emin Əmrullayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Qara Dəniz Universitetlər Şəbəkəsinin Baş katibi Eden Mamut çıxış etmişdir.
Türkiyə, Rumıniya, Bolqarıstan, Yunanıstan, Ukrayna, Gürcüstan və Albaniyadan müxtəlif universitetlərin professor-müəllim heyəti ilə yanaşı vebinara 300-dək iştirakçı qatılıb.

Vebinarı giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, pandemiya dönəminə adaptasiya məcburiyyəti ilə yanaşı, rəqəmsal texnologiyaların tətbiqinə, eyni zamanda proqram təminatlarının alınmasına əlavə vəsaitlər cəlb olunub. Elmar Qasımovun sözlərinə görə, böyük psixoloji sədlərin aradan qaldırılmasına, mübadilə proqramlarının və beynəlxalq elmi konfransların təşkilinin dayandırılmasına baxmayaraq, ümumilikdə müəllimlərin və təhsil menecerlərinin böyük zəhməti nəticəsində, bu dönəmi təhsil üçün uğurlu hesab etmək olar.
Təhsil naziri Emin Əmrullayev öz çıxışında bildirib ki, hazırda bütün dünyada hökm sürən ciddi bir qeyri-müəyyənliyə baxmayaraq, təhsil davam etdirilməlidir. Təhsil naziri qeyd edib ki,  bu dövrdə insan kapitalının inkişafının dayandırılması qeyri mümkündür. O, həmçinin pandemiya dönəmində Təhsil Nazirliyi tərəfindən 1 milyondan çox şagirdin, 100 mindən çox müəllimin vahid elektron platformada iştirakının təmin olunduğunu və bir həftə ərzində 6 milyondan çox onlayn sessiyaların təşkil edildiyini vurğulayıb.

Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək bildirib ki, distant təhsilin tətbiqi təmin edilməlidir. O, qeyd edib ki, distant təhsilin tətbiq edilib-edilməməsi müzakirə predmeti olmamalıdır, əksinə indi bizi distant təhsilin keyfiyyəti düşündürməlidir. Rektor Ə.Muradov onlayn kursların milli ali təhsil sisteminə adaptasiya edilməsinin vacibliyini qeyd edərək, bu kursların gənclərin xaricdə təhsil almaq istəklərinə də maneə yaratmadığını vurğulayıb.
Vebinarda çıxış edən, Qara Dəniz Universitetlər Şəbəkəsinin Baş katibi Eden Mamut da pandemiya dövründə təhsilin fasiləsizliyinin və davamlılığının təmini üçün mümkün imkanlardan istifadə olunmasının əhəmiyyətini vurğulayıb. O, bunun üçün bütün maddi və mənəvi resursların səfərbər edilməsinin vacibliyini qeyd edib. Baş katib eyni zamanda  Qara Dəniz Universitetlər Şəbəkəsi olaraq bu tendensiya ilə ayaqlaşmağa çalışdıqlarını bildirib.
Həmçinin, panel məruzəçiləri qismində UNICA-nın prezidenti prof. Luciano Saso, Qara Dəniz Universitetlər Şəbəkəsinin prezidenti prof. Perikles A. Mitkas, Rumıniyanın Ploiesti Neft-Qaz Universitetinin professoru Florinel Dinu, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Varna Tibb Universitetinin professoru Todorka Kostadinova təqdimatla çıxış ediblər.
Vebinarda iştirak edən çıxışçılar ənənəvi tədrisin hazırki dönəmdə qeyri-mümkünlüyünün bütövlükdə təhsil ictimaiyyətinə psixoloji cəhətdən təsir göstərdiyinə toxunub, eyni zamanda distant təhsilin yaratdığı imkanlardan danışıblar. Bununla yanaşı, vebinarda distant təhsildən istifadə, onun qaydaları və səmərəliliyinin daha da artırılması istiqamətində görüləcək işlər müzakirə edilib.

Ümumilikdə tədbir işgüzar və səmərəli keçmişdir.






Çap et  Çap et