xəbərlər

Polis Akademiyasının əməkdaşları narkomaniyaya qarşı mübarizə ilə bağlı keçirilən maarifləndirici-profilaktik tədbirdə iştirak ediblər

02.11.2023

 02 noyabr 2023-cü il tarixində Xəzər rayonu Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə “Antinarkotik təbliğatı” ilə bağlı maarifləndirici-profilaktik tədbir keçirilib.
Tədbirdə Akademiyanın əməkdaşları, polis mayorları Azər Orucov və Aslan Qasımov, eyni zamanda Xəzər RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin baş inspektoru, polis mayoru Xəyalə Həsənova, məktəbin direktoru, pedaqoji heyəti və IX-X sinif şagirdləri iştirak ediblər.

 Tədbir zamanı “DİO-da İnzibati fəaliyyət” kafedrasının müəllimi, polis mayoru Azər Orucov “Narkomanlığın neqativ fəsadları və profilaktikası”, “Zərərli vərdişlərə yox deyək” və “İnternetdən təhlükəsiz istifadə” mövzularında çıxış edib. A.Orucov çıxışında ölkəmizdə narkotik cinayətkarlığının sosial neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları, eləcə də digər zərərli vərdişlər və onlardan qorunma yolları barədə məktəblilərə məlumat verib.  A.Orucov həmçinin müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internetin faydaları və zərərləri haqqında danışıb. O, internet vasitəsilə törədilən kibercinayətlər, sosial şəbəkələrdə dini ekstremizmin və radikalizmin geniş vüsət alması, habelə müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin və alğı-satqısının internet üzərindən həyata keçirilməsi barədə tədbir iştirakçılarına məlumat verib.

Çıxışlar bitdikdən sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Ümumilikdə tədbir həm məktəblilər, həm də orta məktəb rəhbərliyi tərəfindən böyük maraqla qarşılanıb.  
 
 
 
 
    
                                            
 
Geriyə | Çap versiyası