elanlar

2024-cü il üçün DİN-in Polis Akademiyasında fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbula dair elan

01.05.2024

Azərbaycan Respublikası DİN-in Polis Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli I63s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2021-ci il  26 noyabr tarixli  Q17-001-21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu Qaydası”na əsasən 2024-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə daxili işlər orqanları əməkdaşlarının doktorantura və dissertanturaya aşağıda göstərilən ixtisaslar üzrə qəbul elan edir:

5611.01 – “Cinayət hüququ, kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə doktoranturaya büdcə hesabına, qiyabi – 1 yer, dissertanturaya büdcə hesabına – 2 yer;
5612.01 – “Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti” ixtisası üzrə doktoranturaya büdcə hesabına, qiyabi – 1 yer, dissertanturaya büdcə hesabına - 2 yer.
Qəbul şərtləri aşağıdakı kimidir:
Əməkdaşların sənədlərinin qəbulu və tədris işlərinin tərtibatı onların xidmət yeri üzrə həyata keçirilir və Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir.
Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul olunmaq istəyən əməkdaş sənədlərin qəbulu üçün 06 may – 23 avqust 2024-ci il tarixlərində əsaslandırılmış raportla Azərbaycan Respublikasının daxili işlər nazirinə müraciət edir.

Raporta aşağıdakı sənədlər əlavə edilir:
- şəxsiyyət vəsiqəsinin surəti;
- tərcümeyi-hal;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti;
- xarici ölkələrdə ali təhsil almış şəxslərə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədləri (notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG - əgər varsa);
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat.

Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi daxil olmuş tədris işlərinin tələblərə uyğunluğunu öyrənərək müsabiqədə iştirakı məqsədəmüvafiq hesab edilən namizədlərin siyahısını müəyyən edir və Azərbaycan Respublikasının daxili işlər naziri ilə razılaşdırılmaqla Akademiyanın Müsabiqə Komissiyasına təqdim edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura (“hüquqşünaslıq” ixtisası) səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan daxili işlər orqanları əməkdaşları müraciət edə bilərlər. Namizədlər xarici dil, fəlsəfə və ixtisas fənnindən  ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Azərbaycan Respublikasının DİN-in Polis Akademiyası tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayan şəxslər fəlsəfə fənnindən imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə məqbul alan şəxslər ixtisas fənni üzrə imtahanda iştirak etmək hüququ əldə edirlər.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya ali təhsil pilləsinin magistratura (“hüquqşünaslıq” ixtisası) səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, həmçinin elmi müəssisədə elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olan daxili işlər orqanları əməkdaşları müraciət edə bilərlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmaq istəyən şəxslər yalnız xarici dil üzrə ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində Azərbaycan Respublikasının DİN-in Polis Akademiyası tərəfindən keçirilən qəbul imtahanında keçid balını toplamalıdırlar.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin tələblərinə uyğun olaraq doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə imtahan modelinin strukturu dinləyib-anlama bacarığı üzrə dialoq və monoloq tipli mətn üzrə 10 qapalı test tapşırığı, dil biliyi üzrə 10 qapalı test tapşırığı, oxuyub-anlama bacarığını yoxlayan mətn üzrə 10 qapalı tipli test tapşırığı, danışıq üzrə ümumi dəyəri 10 bal olmaqla 3 tapşırıq və yazı bacarığı üzrə 10 balla qiymətləndirilən esse və vizual məlumatın təsviri üzrə tapşırıqdan ibarətdir. Xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçən namizədlərdən həm esse (fikir bildirmə, mühakimə xarakterli və s.) həmdə vizual məlumatın (məsələn, cədvəl, diaqram və s.) təsvirini vermək tələb olunur. Dil bilikləri (leksik və qrammatik) daha çox praktik şəkildə, yəni məzmun daxilində yoxlanılacaq.
Namizəd imtahanın keçirilməsi qaydasını pozduqda, o cümlədən saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi və digər elektron cihaz gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud digər hallarla saxtakarlığa yol verdikdə bu barədə akt tərtib edilir və imtahandan kənarlaşdırılır. Onun imtahan nəticələri Akademiyanın Müsabiqə Komissiyası tərəfindən ləğv edilir.

İmtahan nəticələrindən narazı qalan namizədlərin müraciətlərinə Müsabiqə Komissiyası tərəfindən baxılır. Namizəd Akademiyanın Müsabiqə Komissiyasına şəxsiyyətini təsdiq edən sənəd və xidməti vəsiqəsini  təqdim etməklə şəxsən müraciət etməlidir.
Daha ətraflı məlumatı DİN-in Baş Kadrlar İdarəsinin (012) 590-97-76, 17-76 (daxili), DİN-in Polis Akademiyasının 8880 qaynar xətt, (012) 454-34-57, 554-99-84 nömrəli telefonları vasitəsilə  və ya https://www.pa.edu.az/ internet saytından əldə edə bilərsiniz.






Geriyə | Çap versiyası