Polis Akademiyasının kursantları
xocalı faciəsi qurbanlarını yad edib
26.02.2020
Polis Akademiyasının əyani təhsil üzrə I kurs I taqım kursantlarının kurs rəhbərliyinin iştirakı ilə fevralın 22-də Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə toplaşıb.
Kursantlar "Ana harayı" abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər, şəhidlərin ruhuna dualar oxuyublar.
Kurs rəhbərliyi tərəfindən I kurs I taqım kursantlarına məlumat olaraq çatdırılmışdır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.