xəbərlər

Macarıstanın Budapeşt şəhərində “TOPCOP” layihəsi çərçivəsində həyata keçirilən təlimdə Polis Akademiyasının əməkdaşı iştirak edib

20.09.2023

19-20 sentyabr 2023-cü il tarixlərində Macarıstanın Budapeşt şəhərində Avropa İttifaqının Hüquq Mühafizə təlimləri üzrə Agentliyinin (CEPOL) maliyyələşdirdiyi “Davranışın təhlili üzrə Kitabça”nın hazırlanması məqsədilə keçirilən seminarda DİN-in  Polis Akademiyasının  “Kriminalistika” kafedrasının müəllimi, polis kapitanı İsmayıl Əmirli iştirak edib. Ümumilikdə Albaniya, Azərbaycan, Bosniya və Hersoqovina, Ermənistan, Fələstin, İordaniya, İsrail, Gürcüstan, Kosova, Moldova, Mərakeş, Serbiya və Tunis Respublikalarını təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən 2 günlük seminar CEPOL-un “Euromed Police”, “TOPCOP” və “Western Balkans” layihələri çərçivəsində həyata keçirilib. Seminarda Birləşmiş Krallığın, Polşa, Ruminiya və Macarıstan Respublikalarının nümayəndələri təlimçi (mentor) qismində iştirak ediblər.

“Davranışın təhlili üzrə Kitabça”nın hazırlanması məqsədilə keçirilən seminarın fəaliyyət istiqaməti cinayət işləri üzrə aparılan tədqiqatların səmərəliliyinin artırılmasına nail olunması baxımından hüquq mühafizə orqanları əməkdaşlarını nəzəri cəhətdən əsaslandırılmış təhqiqat üsulları barədə məlumatlandırmaq, habelə onların transsərhəd cinayət fəaliyyətinə qarşı mübarizə sahəsində səriştələrini artırmaq olub.

Qruplarla iş və interaktiv sessiyalar formatında keçirilən seminarda  davranışın təhlili və transsərhəd cinayətlər haqqında ümumi anlayışın yaradılması ilə bağlı qarşılıqlı müzakirələr aparılıb, iştirakçı ölkələrin nümayəndələrinin yanaşmaları, onların verdiyi anlayışlar, nəzəriyyələr, təhlil metodları dinlənilib və onların müxtəlif tətbiq sahələri araşdırılıb. Həmçinin, kitabçanın struktur elementləri müzakirə edilərək hansı hissələrdən ibarət olacağı, həcmi, mahiyyəti və daxili məzmunu müəyyən edilib.

Tədbirin sonunda davranışın təhlilinin qlobal əhəmiyyət kəsb etməsi və sərhədyanı cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi bir daha  vurğulanıb və keçirilən seminarın hüquq-mühafizə orqanlarının cinayətlərlə  mübarizə üsullarını təkmilləşdirmək üçün birgə səyin nəticəsinin müsbət olacağı bildirilib. Təşkilatçılar tərəfindən seminarda fəal iştirak edərək öz töhfələrini verən iştirakçılara təşəkkür edilib.
Ümumilikdə seminar işgüzar və səmərəli şəkildə baş tutmuşdur.  
 
 
 
 

Geriyə | Çap versiyası