xəbərlər

Polis Akademiyasında 27 Sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib

27.09.2023

27 sentyabr 2023-cü il tarixində Polis Akademiyasında Anım Günü  ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, professor-müəllim heyəti və kursantları iştirak ediblər.
 Tədbirə başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib  və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

İlk olaraq Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayıb və üç il bundan əvvəl 27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutduğunu, bu qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatını başlatdığını və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun və xalqının qələbə qazandığını vurğulayıb. Akademiya rəisi çıxışında bildirib: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusu şəhidlərinin qanını yerdə qoymadı. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu”.

Tədbirdə çıxış edən Akademiyanın “İctimai elmlər” kafedrasının rəisi, polis        polkovnik-leytenantı Rəhim Məcnunov Vətən müharibəsi şəhidlərinin Anım Günü və Vətən müharibəsi ilə bağlı iştirakçılara məlumat verərək qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində qəhrəmanlıq tariximizin ən şanlı səhifələrini yazıb. Qısa müddət ərzində sarsıdıcı zərbələrlə düşməni doğma torpaqlarımızdan qovub çıxaran cəsur Vətən övladları ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda böyük qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq nümunələri ortaya qoyublar. Bütün şəhidlərin əziz xatirəsinin daim dərin ehtiramla anıldığını və onların adlarının hər zaman uca tutulacağını bildirən polis polkovnik-leytenantı R.Məcnunov qəhrəman Vətən övladlarının döyüş şücaətlərinin təbliğ edilməsinin vətənpərvər gənc nəslin yetişdirilməsində xüsusi önəm kəsb etdiyini vurğulayıb.

Sonda Akademiyanın dəyişən heyəti mətin addımlarla tribunanın qarşısından keçib. Tədbirin davamı olaraq Akademiyada Vətən müharibəsi şəhidlərinin Anım Günü və Vətən müharibəsinə həsr olunmuş dərslər keçirilib, Akademiya ərazisində yerləşdirilən monitorlarda daimi və dəyişən heyət tərəfindən izlənilməsi üçün videoçarxlar nümayiş olunub, rəhbərlər tərəfindən tabelikdə olan əməkdaşlarla söhbətlər aparılıb.
Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Akademiyanın təsdiq edilmiş müvafiq tədbirlər planı çərçivəsində çoxsaylı silsilə tədbirlər davam edir.
 
 
 
 

Geriyə | Çap versiyası