xəbərlər

Polis Akademiyasının kursantları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

13.10.2023

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsilə bağlı Ulu öndər Heydər Əliyevin irsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması məqsədilə Polis Akademiyasında keçirilən silsilə tədbirlərin davamı olaraq  13 oktyabr 2023-cü il tarixində Akademiyanın I kurs kursantları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Şəxsi heyəti müşayiət edən Mərkəzin bələdçisi dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında kursantlara məlumat verərək Mərkəzin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərdiyini bildirib. Daha sonra kursantlar Azərbaycan tarixinin bütün dövrlərini, mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlarla və zəngin "Azərbaycan inciləri" adlı sərgi ilə tanış olublar.

Mərkəzin ən valehedici hissələrindən biri də Heydər Əliyev Muzeyidir. Ulu öndərin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr və müxtəlif illərdə layiq görüldüyü orden və medallar muzeydə nümayiş etdirilən eksponatlar siyahısındadır. Kursantların diqqətini cəlb edən ən maraqlı eksponatlardan biri isə Heydər Əliyevin  Azərbaycana rəhbər olduğu dövrlərdə istifadəsində olan avtomobillər olub.

Mərkəzdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar kursantlara nümayiş etdirilib. Həmçinin, ekskursiya zamanı kursantlar Ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən fotostend və kitablarla tanış olublar. Muzeyin ən maraqlı bölmələrindən biri isə Ulu öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli liderə təqdim edilən hədiyyələrin fotoları əks olunur.

Sonda xatirə şəkilləri çəkilib.
 
 

Geriyə | Çap versiyası