xəbərlər

Polis Akademiyasında “Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Zəfər tarixi" mövzusunda Respublika elmi-praktik konfrans keçirilib

27.10.2023

 27 oktyabr 2023-cü il tarixində DİN-in Polis Akademiyasında Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə birlikdə təşkil edilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və “Zəfər Gününə” həsr olunmuş “Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Zəfər tarixi" mövzusunda Respublika elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin,  Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eləcə də respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, tələbələri və kursantları qonaq qismində iştirak ediblər. Elmi-praktik konfransda bir çox ölkədaxili qurumdan 150-dən artıq əməkdaş, kursant, tələbə birbaşa və onlayn formatda  iştirak ediblər.

Tədbir iştirakçıları Akademiyada Ulu öndərin abidəsi önünə gül dəstələri qoyduqdan sonra konfrans zalında Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

 İlk olaraq konfrans iştirakçılarını salamlayan DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov “Zəfər tarixinin əldə olunmasında Ümummilli lider Heydər Əliyevin əvəzolunmaz rolu” mövzusunda açılış nitqi ilə çıxış edib və konfransın işinə uğurlar arzulayıb. C.Daanov həmçinin Ümummilli liderimiz Heydər Əliyevin “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir” sözlərini vurğulayaraq Daxili işlər orqanlarının inkişafının daim H.Əliyevin diqqət mərkəzində olduğunu bildirib.  Akademiya rəisi 1990-cı illərin əvvəlində, Azərbaycanın öz dövlət müstəqilliyini əldə еtdikdən sonra çətinliklərlə üzləşdiyi bir zamanda əsas yükün məhz Ulu öndərin rəhbərliyi dövründə formalaşmış Azərbaycan polisinin üzərinə düşdüyünü diqqətə çatdırıb. C.Daanov Heydər Əliyev ideyalarına ən çətin məqamlarda da sadiq olan Azərbaycan polisinin bu gün möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli işini şərəflə yerinə yetirdiyini, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı layiqli xidmətləri ilə doğrultduğunu  bildirib.

Sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, general-mayor Fizuli Salahov, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayev, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov və DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Elçin Məmmədli salamlama nitqi ilə çıxış ediblər.

 Daha sonra konfrans iştirakçılarının, eyni zamanda kursant və tələbələrin “Azərbaycan Respublikasında demokratik seçki hüquq institutunun formalaşdırılmasında Ulu öndər Heydər Əliyevin rolu”, “Ulu öndərin yolu Zəfərin siyasi-hüquqi və ideoloji əsasıdır”, “Zəfərə gedən yol hüquqi müstəvidə”, “Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində iqtisadi inkişafa aparan müasir vergi sistemi”, “Ermənistanın hərbi təcavüzünə qarşı mübarizədə Heydər Əliyev siyasi irsinin təntənəsi”, “Heydər Əliyev strategiyasından Zəfərə uzanan yol: mövcud vəziyyət və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar”, “Heydər Əliyev qalib ordunun qurucusudur” və “Heydər Əliyev-Zəfərə aparan yolun başlanğıcı” mövzularında təqdimatları dinlənilib.
Konfransın mövzusu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
DİN-in Polis Akademiyasının Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə birlikdə təşkil etdiyi tədbirin sonunda rəhbərlər konfrans iştirakçılarına öz təşəkkürlərini bildiriblər.

 
 
 

Geriyə | Çap versiyası