xəbərlər

Polis Akademiyasında “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilən inzibati xətalar və cinayətlər: nəzəri və təcrübi problemlər” mövzusunda dəyirmi masa keçirilib

22.11.2023

22 noyabr 2023-cü il tarixində Polis Akademiyasının “Magistrantlar klubu”nun təşkilatçılığı ilə Ümumimilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilən inzibati xətalar və cinayətlər: nəzəri və təcrübi problemlər” mövzusunda dəyirmi masa keçirilib.

İlk olaraq Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə Xəzər rayon Məhkəməsinin hakimi İlham Cəfərzadə, Xəzər rayon Prokuorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Elman Mikayılov, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin rəis müavini, polis polkovniki Vüqar Tağıyev, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəisi, polis kapitanı Nəcəf Aydınoğlu, həmçinin DİN-in Polis Akademiyasının professor-müəllim heyəti, magistrantlar və “Gənc inspektor-kriminalist” dərnəyinin üzvləri olan IV kurs kursantları iştirak ediblər.

Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov dəyirimi masanı açıq elan edərək qonaqları və iştirakçıları salamlayıb və dəyirmi masanın işinə uğurlar arzulayıb.
Bundan sonra moderator tədbir iştirakçılarını salamlayaraq dəyirmi masanın proqramını elan edib və Akademiyada təşkil edilən bu tədbirin təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq, məntiqi, tənqidi və yaradıcı düşünmək bacarığını formalaşdırmaq üçün uğurlu elmi-təlim modeli sayıldığını vurğulayıb.

Daha sonra dəyirmi masanın elmi-praktiki müzakirə hissəsi öz işinə başlayıb və tədbir iştirakçılarının “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilən cinayətlərə dair ibtidai və məhkəmə istintaqı  zamanı toplanmış sübutların mötəbərliyinin qiymətləndirilməsi meyarları”, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilən cinayətlərin istintaq zamanı müstəntiqin fəaliyyətindən vətəndaş narazılıqları doğuran hallar”, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirlərinin sənədləşdirilməsinin praktiki problemləri” və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilən cinayətlərdə təqsirləndirilən şəxs qismində cəlb etmə zamanı yol verilən nöqsanlar və onların hüquqi nəticələri” mövzularında məruzələri dinlənilib.

Çıxışların davamı olaraq Polis Akademiyasının magistr dinləyiciləri “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilən cinayətlərə cəzanın təyin edilməsinin əsas rolu”, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilən cinayətlərlə bağlı Cinayət Məcəlləsinə edilmiş yeni dəyişikliklərin ibtidai istintaqda əhəmiyyəti”, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilən inzibati xətalar üzrə inzibati icraatın əhəmiyyəti” və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilən cinayətlərə məcburi müalicə tədbirlərinin təyin edilməsinin əsas rolu”  mövzularında çıxışlar ediblər.

Sonda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilən hüquqpozmaların aşkar edilməsi, onların sənədləşdirilməsi, ibtidai və məhkəmə istintaqının aparılması, cəzanın və məcburi müalicə təbdirlərinin təyin edilməsi zamanı yaranan nəzəri və təcrübi problemlər və digər mövzularda müzakirələr aparılıb.
Ümumilikdə tədbir səmərəli və işgüzar şəkildə baş tutub.
 
 
 

Geriyə | Çap versiyası