xəbərlər

Polis Akademiyası kursantları Milli Azərbaycan Tarixi Muzeyini və Hərbi Qənimətlər parkını ziyarət ediblər

15.03.2024

Kursantlar arasında Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin təbliğatının genişləndirilməsi, eləcə də vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət hisslərinin artırılması istiqamətində tədbirlərin davamı olaraq 12-14 mart 2024-cü il tarixlərində Polis Akademiyasının I kurs kursantları ilə Milli Azərbaycan Tarixi Muzeyinə və Hərbi Qənimətlər parkına gəzinti təşkil olunub.

Milli Azərbaycan Tarixi Muzeyinin bələdçisi şəxsi heyəti müşayiət edərək eksponatlar barədə ətraflı məlumat verib. Bələdçi 9 otaqdan ibarət Milli Azərbaycan Tarixi Muzeyində əvvəlcə Hacı Zeynalabdin Tağıyevin iş kabineti və ordakı əşyaları – kitab şkafı, yazı masası, ailəvi fotoalbom, həmçinin Ayvazovskinin “Dənizdə fırtına” adlı əsəri haqqında şəxsi heyəti geniş məlumatlandırıb. Muzeyin gözəlliyi və möhtəşəmliyi ilə seçilən  Şərq zalında tavanların xüsusi zövqlə bəzədilməsi və Quran ayələrinin yazılmasında qızıldan istifadə olunması  kursantların diqqətinə çatdırılıb. Daha sonra kursantlar sütunlu tağlar, görkəmli yazıçı və şairlərin, tarixçilərin əsərləri ilə dolu olan zəngin kitabxana, divarlarına məxməri-ipək parça çəkilmiş yemək otağı, H.Z.Tağıyevin həyat yoldaşı Sona xanımın otağı və digər otaqlarla da tanış olublar.
Hərbi Qənimətlər parkını ziyarət edən kursantlar 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən müxtəlif  hərbi texnikalarla tanış olublar.

Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbə münasibətilə qurulan parkda kursantlar Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi - tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar və hərbi nəqliyyatlara, həmçinin düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqlarına baxış keçiriblər.
Hərbi Qənimətlər Parkı gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb edir. Bu park gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək.
    






Geriyə | Çap versiyası