xəbərlər

"SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı"nda Hackathon (universitet) kateqoriyası üzrə Polis Akademiyasının komandaları 1-ci və 3-cü yerin qalibi olublar

09.12.2022

 Dekabrın 9-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”-nin bağlanış mərasimi keçirilib.   
Bağlanış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərləri, elmi-tədqiqat institutlarının direktorları iştirak ediblər. 

  Elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayaraq festival qaliblərini təbrik edib. Ölkəmizdə "STEAM Azərbaycan" layihəsi istiqamətində görülən işlərə dövlət tərəfindən yüksək səviyyədə dəstək göstərildiyini vurğulayan Emin Əmrullayev bu dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Layihənin son 3 ildə 100 mindən çox şagird, yüzlərlə məktəbi əhatə etdiyini qeyd edən nazir yaxın vaxtlarda STEAM muzeyi, STEAM İnnovasiya Mərkəzinin də fəaliyyətə başlayacağını əlavə edib. Nazir çıxışının sonunda bir daha qalibləri təbrik edib və bu cür festivalların mütəmadi təşkil ediləcəyini bildirib.
Bağlanış mərasimində çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli "STEAM Azərbaycan" layihəsini yeni nəslin intellektual inkişafı üçün düşünülmüş mükəmməl bir layihə adlandırıb və qalibləri təbrik edib.

 Mərasimdə "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov hesabatla çıxış edib. Bildirilib ki, SAF 2022-də 43 komanda I, 102 komanda II, 108 komanda isə III yerə layiq görülüb. SAF 2022-yə ümumilikdə 350 komandadan 1500-dək iştirakçı qatılıb.  Onlardan 127-si xarici ölkə, 1300-ü isə yerli iştirakçı olub. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil ediblər.
SAF 2022-nin seçim mərhələsində Akademiyanı kursantlar: Haqverdi Məmməd, Mənsimov Sahib, Quliyev Elşad, Qənbərli Nihad, Şirinov Fəxri təmsil etmişdir.

Hackathon (universitet) kateqoriyası üzrə  keçirilən yarışda Polis Akademiyasının komandaları uğurla çıxış etmişlər. Münsiflər heyətinin qərarına müvafiq olaraq “Polis Akademiyası-1” komandası 1-ci yerə, “Polis Akademiyası” komandası isə 3-cü yerə layiq görülmüşlər.
Daha sonra qalib komandalara mükafatlar təqdim edilib.

Geriyə | Çap versiyası