xəbərlər

DİN-in Polis Akademiyası ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

14.07.2023

14 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası DİN-in Polis Akademiyası və  Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov və Mərkəzin digər əməkdaşları qonaq qismində iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov iştirakçıları salamlayaraq günü-gündən inkişaf edən Polis Akademiyasının növbəti əməkdaşlıq addımının hər iki tərəf üçün faydalı olacağına böyük ümid bəslədiyini bildirib. Daha sonra Akademiya rəisi imzalanacaq memoranduma əsasən Polis Akademiyasının təhislalanlarının hüquqşünaslıq ixtisasına yiyələnərək peşəkar hüquqşünas kimi yetişəcəyinə və tərəflərin birgə vəhdətlik, səmərəlilik, inteqrasiya və keyfiyyətlilik prinsipləri əsasında məlumat və təcrübə mübadiləsini həyata keçirəcəyinə inandığını bildirib.

Sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov tədbir iştirakçılarını salamlayıb və Prokurorluğun Polis Akademiyası ilə qarşılıqlı əməkdaşlığından söz açıb. İmzalanacaq memorandumun bu əməkdaşlığa müsbət töhfə verəcəyini və gələcək fəaliyyətlər üçün yeni bir başlanğıc olduğunu bildirib.

Daha sonra imzalanma mərasiminə keçid edilərək Azərbaycan Respublikası DİN-in Polis Akademiyası və Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında birgə əməkdaşlıq haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Tədbirin sonunda Akademiyanın və Elm-Tədris Mərkəzinin rəisləri tərəfindən qarşılıqlı hədiyyələrin təqdimatı həyata keçirilib və xatirə şəkilləri çəkilib.
Sonda qonaqlar Polis Akademiyasının inzibati ərazisini gəzərək Akademiyanın maddi-texniki bazası və kursantlar üçün yaradılan şəraitlə tanış ediliblər.

 
 
 
 

Geriyə | Çap versiyası