xəbərlər

Macarıstanın Budapeşt şəhərində “TOPCOP” layihəsi çərçivəsində həyata keçirilən təlimdə Polis Akademiyasının əməkdaşı iştirak edib

15.07.2023

11 – 14 iyul 2023-cü il tarixlərində Macarıstanın Budapeşt şəhərində Avropa İttifaqı Hüquq-Mühafizə Təlimləri üzrə Agentliyi (CEPOL) tərəfindən “Təlimçilər üçün təlim – qabaqcıl onlayn təlim” adlı təlimdə Azərbaycan nümayəndə heyətinin tərkibindən DİN-in Polis Akademiyasının Dil hazırlığı kafedrasının rəisi, polis polkovnik-leytenantı Elçin Orucov və Dövlət Gömrük komitəsinin əməkdaşı iştirak ediblər. Ümumilikdə Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan və Ermənistandan olan nümayəndələrin iştirakı ilə keçirilən 4 günlük təlim CEPOL-un TOPCOP layihəsi çərçivəsində həyata keçirilib. 

Müasir dövrdə onlayn və üzbəüz təlim üsulları, istifadə olunan proqram təminatları və ümumilikdə dərsin idarə edilmə tövsiyələrini əhatə edən, eyni zamanda təcrübə mübadiləsi xarakteri daşıyan təlimdə ekspertlər tərəfindən əsasən onlayn təhsildə istifadə olunan proqram təminatları və bu işin asanlaşdırılması üçün beynəlxalq təcrübədən misallar verilib və simulyasiya xarakterli tapşırıqlar icra edilib. Təlim boyunca elektron təhsilin əsas komponentləri, dərsin idarə edilmə platformaları, “ADDİE” (Təhlil, Dizayn, Hazırlama, Tətbiq etmə və Qiymətləndirmə), Qarışıq öyrənmə modeli (elektron olaraq tələbələrin zəruri materiallarla təmin edilməsi, onlayn və üzbəüz dərslər) kimi tədris modelləri və digər mövzular geniş müzakirə edilib, bu sahədə bilik və bacarıqların artırılması üçün Təlimçi ekspertlər tərəfindən müxtəlif yarışlar keçirilib. Eyni zamanda dərsin planlaşdırılması, ehtiyacların müəyyən edilməsi, tələbələrin müxtəlif vasitələrlə motivasiya edilməsi məqamlarına toxunulub. Dərslərin daha rəngarəng keçirilməsi məqsədilə internet üzərindən ictimaiyyətə açıq təlim saytlarının imkanlarından istifadə edərək dərslərin təşkil edilməsinin müasir günümüzün tələblərinə uyğun olduğu bildirilib.

Təlimdə DİN-in Polis Akademiyasının Dil hazırlığı kafedrasının rəisi, polis  polkovnik-leytenantı Elçin Orucov Polis Akademiyasında dərslərin keçirilməsi və metodik məqamlar barədə çıxış edərək təlim iştirakçıları və ekspertlərə Akademiyada keçirilən dərslərdə (xüsusilə ingilis dili dərslərində) istifadə olunan üsul və metodlar barədə məlumat verib. Daha sonra E.Orucov Akademiya haqqında qısaca məlumat verərək burada yetişən gələcək polis zabitlərinin beynəlxalq səviyyədə təlimlərə cəlb olunaraq beynəlxalq təcrübəni öyrənə biləcəklərini və gələcək xidməti fəaliyyətlərində istifadə edəcəklərini vurğulayıb.

Sonda Elçin Orucov təlim boyunca “Avropa İttifaqı Siyasət Dövrəsi”/”Kriminal Təhdidlərə qarşı Multidissiplinar Avropa Platforması” (“EMPACT”) mövzusu üzrə onlayn modulu müvəffəqiyyətlə tamamladığı üçün və uğurlu iştiraka görə “Təlimçilərin təlimi – qabaqcıl onlayn təlim” sertifikatları ilə təltif olunub.
Ümumilikdə təlim işgüzar və səmərəli şəkildə baş tutub.  
 
 
 

Geriyə | Çap versiyası