xəbərlər

Polis Akademiyasının əməkdaşı Macarıstanın Budapeşt şəhərində “TOPCOP” layihəsi çərçivəsində həyata keçirilən təlimdə iştirak edib

07.12.2023

05-06 dekabr 2023-cü il tarixlərində Macarıstanın Budapeşt şəhərində Avropa İttifaqının Hüquq Mühafizə təlimləri üzrə Agentliyinin maliyyələşdirdiyi “Davranışın təhlili üzrə Kitabça”nın hazırlanması məqsədilə keçirilən yekun seminarda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Kriminalistika” kafedrasının müəllimi, polis kapitanı İsmayıl Əmirli iştirak edib. Ümumilikdə Albaniya, Azərbaycan, Bosniya və Hersoqovina, Ermənistan, Fələstin, İordaniya, Gürcüstan, Kosova, Moldova, Mərakeş, Serbiya və Tunis Respublikalarını təmsil edən nümayəndələrin iştirak etdiyi 2 günlük yekun seminar CEPOL-un “Euromed Police”, “TOPCOP” və “Western Balkans” layihələri çərçivəsində həyata keçirilib. 

Təlimçilər iştirakçıların birgə əməyi nəticəsində hazırlanmış kitabçanın “Davranış analizi modelləri-anlayışlar, əsaslar və kontekst”, "Davranış analizindəki qərəzlər və təsir edən faktorlar",  Kommunikasiya kanalları” və "Təkmilləşdirmə metodları və əks-tədbirlər" mövzularındakı 4 bölməsi üzrə yekun çıxışlarını ediblər. Sonra iştirakçıların bölmələr üzrə təklif və düzəlişləri qeyd olunaraq kitabçanın strukturu və yekun məzmunu təsdiqlənib.

Tədbirin sonunda davranışın təhlilinin qlobal əhəmiyyət kəsb etməsi və sərhədyanı cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin cinayət işləri üzrə aparılan tədqiqatların səmərəliliyinin artırılmasına nail olunması baxımından hüquq mühafizə orqanları əməkdaşlarını nəzəri cəhətdən əsaslandırılmış təhqiqat üsulları barədə məlumatlandırmaq, habelə onların transsərhəd cinayət fəaliyyətinə qarşı mübarizə sahəsində səriştələrini artırmaq məqsədi ilə hazırlanan “Davranışın təhlili üzrə Kitabça”nın ən yaxın müddətdə çap olunaraq iştirakçı ölkələrin hüquq mühafizə orqanlarına təqdim olunacağı bildirilib.

Ümumilikdə seminar işgüzar və səmərəli şəkildə baş tutub.
 
 
 
 

Geriyə | Çap versiyası