xəbərlər

Polis Akademiyasında “20 yanvar-Ümumxalq hüzn Günü”nə həsr olunmuş Referat müsabiqəsi keçirilib

19.01.2024

19 yanvar 2024-cü il tarixində DİN-in Polis Akademiyasında Qiyabi təhsil şöbəsi və DİO-da inzibati fəaliyyət kafedrasının birgə təşkilatçılığı ilə “20 yanvar- Ümumxalq hüzn Günü”nə həsr olunmuş Referat müsabiqəsi keçirilib. Müsabiqədə Qiyabi təhsil şöbəsinin III kurs orta təhsilli dinləyiciləri iştirak edib.

Tədbirə başlamazdan əvvəl Ümummili lider Heydər Əliyevin, şəhidlərimizin, eləcə də xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Qiyabi təhsil şöbəsinin rəisi, polis polkovniki Mahir Xalıqov 20 yanvar hadisələri haqqında dinləyicilərə qısa məlumat verərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğının törədildiyini bildirib. M. Xalıqov həmçinin Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda çoxlu şəhid verməsinə baxmayaraq bu mübarizədə xalqımızın iradəsinin sınmadığını və milli ruhunun sarsılmadığını, birlik və milli ləyaqət hissi sayəsində ən müasir silahlarla silahlanmış imperiya ordusuna qalib gəldiyini vurğulayıb.

Daha sonra III kursun orta təhsilli dinləyiciləri, polis serjantları Əliyev Fərid “20 yanvar  – Hüzn və qürur günümüzdür!”, Mehtiyev Taleh “20 yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir” və Quliyev Rövşən “20 yanvar – qanlı və şanlı tariximizdir” referat mövzuları ilə çıxış ediblər.
Sonda münsiflər heyəti müsabiqənin qalibini elan edib və dinləyicilərə təhsildə uğurlar arzulayıb.
 
 
Geriyə | Çap versiyası