xəbərlər

DİN-in Polis Akademiyasında 20 Yanvar faciəsinin 34-cü ildönümü anılıb

20.01.2024

20 yanvar 2024-cü il tarixində Polis Akademiyasının böyük sıra meydanında yerbəyer mərasimində 20 Yanvar faciəsinin 34-cü ildönümü anılıb. İlk olaraq faciə qurbanlarının, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Dövlət Himni səsləndirilib.

Polis  Akademiyasının rəisinin xidmət və döyüş  hazırlığı üzrə müavini, polis polkovnik-leytenantı Əfqan İmanov tədbiri giriş sözü ilə açaraq faciənin baş vermə səbəbləri, onu təşkil edən şəxslər, faciə qurbanları və hadisələr qarşısında xalqımızın əzmkarlığı barədə ətraflı məlumat verib.

Daha sonra İctimai elmlər kafedrasının baş müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı Əfqan Qasımlı çıxış edərək bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxsin ümummilli lider Heydər Əliyev olduğunu vurğulayıb. Həmin vaxt Moskvada yaşayan Ulu öndər Heydər Əliyev qanlı qırğının ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək faciə ilə bağlı dünyanın onlarla aparıcı Kütləvi İnformasiya Vasitələrinin  nümayəndələrinin qarşısında bəyanat vermiş, Azərbaycan xalqına qarşı Sovet ordusunun təcavüzünü pisləmiş, faciəni törədənləri, xüsusilə də M.Qorbaçovu kəskin ittiham etmiş və qoşunların dərhal Bakıdan çıxarılması tələbini irəli sürmüşdür.

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Akademiyanın daimi heyətinin şöbə, fakültə, kurs, kafedra, bölmə, hissə və xidmət rəhbərlikləri tabelikdəki əməkdaşlarla 20 Yanvar faciəsi ilə bağlı söhbətlər aparılıb. Həmçinin Akademiyanın böyük sıra meydanında və yeməkxanasında quraşdırılmış monitorlarda 20 Yanvar faciəsi ilə bağlı foto və video materiallar nümayiş etdirilib.


Geriyə | Çap versiyası