xəbərlər

Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı silsilə tədbirlər davam edir

26.01.2024

“Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq işinin təşkili” Qaydalarına uyğun olaraq, respublikamızın müxtəlif bölgələrində təbliğat-təşviqat xarakterli silsilə  tədbirlərin keçirilməsi davam etdirilir.  2023-cü ildən başlayaraq davamlı şəkildə keçirilən  tədbirlər çərçivəsində respublikanın Gəncə, Şəmkir, Qazax, Tərtər, Ucar, Ağstafa, Neftçala, Beyləqan, Lerik, Xaçmaz, Quba və digər bölgələrinin ən ucqar kənd məktəblərində 8-11-ci sinif şagirdləri ilə  Polis Akademiyasında təhsilalmanın üstün cəhətləri barədə məlumatlandırıcı görüşlər keçirilib. Görüşlərdə Akademiya əməkdaşları tərəfindən Polis Akademiyasının 100 illik şanlı tarixi,  keçirilən təlim-tədris prosesi, təhsil aldığı müddət ərzində dövlət hesabına qidalanma, geyim, yataqxana və tədris resursları istifadə olunan müasir təhsil texnologiyaları, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüyü,  yeniyetmələrdə vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində maarifləndirici söhbətlər aparılıb. 

Təbliğat xarakterli tədbirlərdə şagirdlərə Polis Akademiyasına “hüquqşünaslıq” ixtisasi üzrə 2024/2025-ci il tədris ili üçün əyani təhsilə 500 kursantın qəbul qaydaları izah edilmiş, təhsil müəssisəsi haqqında məlumatları əks etdirən bukletlər paylanmış, Akademiyanın maddi-texniki bazası, gələcək kursantların bilik və bacarıqlarını daha dərindən mənimsəməsi məqsədilə tədris prosesində istifadə olunan interaktiv təlim otaqları və tədris modulları videoçarx vasitəsilə nümayiş etdirilmişdir. Görüşlərdə, həmçinin  Akademiyada  yaradılan müasir şərait, tədris korpusları, zəngin kitabxanalar, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq meydançalarından istifadə etmək imkanları şagirdlərin nəzərinə çatdırılıb.  Polis Akademiyasının rəsmi saytında yerləşən “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssəsi ilə tanış olmaq imkanı da əməkdaşlar tərəfindən  şagirdlər məlumatlandırılıb. Həmçinin “Açıq qapı” tədbirləri çərçivəsində görüş iştirakçıları üçün Akademiyada yaradılan şəraitə yerindəcə tanış olmaq imkanları yaradıldığı bildirilib.
Görüşlərin sonunda şagirdlərin sualları cavablandırılıb və xatirə şəkilləri çəkdirilib.

Geriyə | Çap versiyası